FIFA onlayn formatda keçirilən növbədənkənar Konqresində qadınlar arasında 2031 və 2035-ci il dünya çempionatlarının ev sahibləri təsdiqlənib.
Matc.az xəbər verir ki, 2031-ci ildə keçiriləcək mundiala ABŞ, Meksika, Kosta-Rika və Yamayka birgə ev sahibliyi edəcək.
2035-ci il dünya çempionatı isə İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdə təşkil olunacaq. Beləliklə, İngiltərə tarixində ilk dəfə qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək.
Hər iki turnirin təşkili ilə bağlı FIFA-ya cəmi bir namizədlik müraciəti daxil olub. Konqres apreldə federasiya tərəfindən təsdiqlənən qərarları rəsmiləşdirib.
Qeyd edək ki, qadınlar arasında növbəti dünya çempionatı 2027-ci il iyunun 24-dən iyulun 25-dək Braziliyada keçiriləcək. Turnirdə 32 milli komanda mübarizə aparacaq. 2031 və 2035-ci illərdə isə mundial ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq.













