Çili Milli Peşəkar Futbol Assosiasiyası (ANFP) hakim Montserrat Maturana ilə məhkəmə mübahisəsinin dayandırılması barədə razılaşma çərçivəsində ona 16 milyon 124 min 210 Çili pesosu (təxminən 1,3 26 976,76 manat ) təzminat ödəyib.

Matc.az "BioBioChile" nəşrinə istinadən xəbər verir ki, Maturana 2025-ci ildə assosiasiyaya qarşı məhkəməyə müraciət edərək əsassız işdən çıxarılma, ayrı-seçkilik və iş yerində təzyiqlərə məruz qalmaqda ittiham irəli sürüb.

Hakimin iddiasına əsasən, o, iş yerində təhqirlərə, psixoloji təzyiqlərə və cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalıb. Maturana bu davranışların səhhətində ciddi problemlərə səbəb olduğunu və tibbi yardım almaq məcburiyyətində qaldığını bildirib.

2025-ci ilin dekabrında tərəflər barışıq əldə edə bilməyiblər. Məhkəmə prosesi 2026-cı il noyabrın 2-nə təyin olunsa da, oktyabrın 15-də tərəflər təzminat ödənilməsini nəzərdə tutan razılaşma imzalayıblar. Vəsait artıq hakimin hesabına köçürülüb.

Bununla belə, assosiasiya irəli sürülən ittihamları qəbul etməyib və ödənişin yalnız məhkəmə mübahisəsinə son qoymaq məqsədilə həyata keçirildiyini bildirib. Razılaşma Santyaqonun İkinci Əmək Məhkəməsi tərəfindən təsdiqlənib və nəticədə məhkəmə iclası ləğv olunub.

Qeyd edək ki, assosiasiya daha əvvəl Maturananın ayrı-seçkilik və əmək hüquqlarının pozulması ilə bağlı iddialarını rədd etmişdi. Qurum hakimin fiziki hazırlıq normativlərini yerinə yetirməkdə çətinlik çəkdiyini bildirmişdi. Maturana isə bütün yoxlamalardan uğurla keçdiyini və fəaliyyəti ilə bağlı müsbət qiymətləndirmələr aldığını iddia edib.

Hadisə ilə bağlı təzminatın məbləği və razılaşmanın detalları noyabrın 20-də "BioBioChile" tərəfindən məhkəmə sənədləri əsasında ictimaiyyətə açıqlanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest