AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlarda baş vermiş neqativ hallara hüquqi qiymət verilib. Matc.az saytının məlumatına görə, xüsusən də, təhqirlərə görə sərt cəzalar kəsilib.

Gənclər Liqaısının "Səbail" – "Sumqayıt" görüşünün gedişində qonaqların iki futbolçusu - Cavidan Abbaszadə və Cəlal Cəbrayılov hakimi təhqir edib. Yetirmələrindən geri qalmayan baş məşqçi Aqil Məmmədov da eyni addıma əl atıb. Bu üzdən oyunçulara 4, çalışdırıcıya isə 5 oyunluq cəza verilib.

Boulevard Hotel U-15 Liqasının "Sumqayıt" – "Zirə" matçında ikincilərin oyunçularından Asəf Əliyev rəqibi, oyun başa çatdıqdan sonra isə Murad Əliyev hakimi söyüb. Asəf 2, Murad isə 3 oyunu buraxmalı olacaq.

U-16 Qızlar Liqasının "Fidan" (Bakı) – "Gömrükçü" FK (Bakı) qarşılaşmasında hakimi söyüşə "qonaq edən" birincilərin üzvü Leyla Ağayevaya 2 matçlıq cəza kəsilib.

Futzal üzrə İkinci Liqanın "Rəvan" – "STAR karqo" matçında "STAR karqo"nun oyunusu Səbuhi Əhmədov, Yüksək Liqanın "Neftçi" – EKOL görüşü başa çatandan sonra EKOL-un üzvü Emin Kürdov hakimi təhqir edib. Həmçinin "Neftçi"nin futzalçısı Rüfət Balakişiyev də tribunadan eyni addıma əl atıb. Bu üzdən hər 3 oyunçu 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Görünən odu ki, aşağı liqalarda və futzal çempionatlarında mübarizədən çox söyüş söyənlərin sayı artır. Bir sözlə, gənclər və yeniyetmələr söyüş söyməkdə "inkişafdadılar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest