Azərbaycan yığmasının sabiq qapıçısı Hüseyn Məhəmmədovun matc.az saytına müsahibəsi

- Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" hər iki oyunda "Linkoln"a şans vermədi. Yəqin ki, bu nəticə sizin üçün də sürpriz olmadı...

- “Qarabağ” artıq avrokuboklarda sözünü demiş, böyük təcrübəyə malik komandadı. Mənə görə “Linkoln” çempionumuz üçün bab rəqib deyildi. Düzdü, Çempionlar Liqasında öz ölkələrinin çempionları iştirak edirlər və “Qarabağ” hər bir rəqibinə hörmətlə yanaşır. Buna baxmayaraq, “Linkoln” “Qarabağ” səviyyəsində rəqib deyildi. Əmin idim ki, təmsilçimiz rahat şəkildə qələbə qazanaraq növbəti mərhələyə keçəcək. Belə də oldu. Qarşıdakı oyunlarda da “Qarabağ”a uğurlar arzulayıram. İnşallah, ardı gələr.

- "Qarabağ" bu mövsüm Çempionlar Liqasının qrupuna düşə biləcəkmi?

- “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməyə layiq komandadı. Qurban Qurbanovun son açıqlamalarını oxudum. Gördüm ki, çox istəklidilər, qrup mərhələsinə vəsiqə qazanmaq istəyirlər, fikirlərini tam olaraq ona yönəldiblər. İnanıram ki, “Qarabağ” bu missiyanın öhdəsindən gələcək.

- Bu gün Konfrans Liqasının II təsnifat mərhələsində səfərdə "Fehervar"la cavab matçına çıxacaq "Sumqayıt"dan hansı nəticəni gözləyirsiniz?

- Düzdü, “Sumqayıt” öz meydanında məğlub oldu. Buna baxmayaraq, ilk matçda yaxşı oynadılar. Qırmızı vərəqə olmasaydı, bəlkə də, “Sumqayıt” qalib gələcəkdi. İlk görüşdəki məğlubiyyətə baxmayaraq, səfərdəki cavab matçında əllərindən gələni edəcəklər. Əminəm ki, Samir Abasovun komandası qalib gəlməyə və növbəti mərhələyə adlamağa çalışacaq. Məncə, “Fehervar”ı səfərdə məğlub etmək olar. Amma nəzərə alaq ki, rəqib də ilk oyundakı qələbədən sonra çox istəklidi. Futboldu, hər nəticə qeydə alına bilər.

- İlk oyunlarında böyükhesablı qələbə qazanan "Zirə" və "Sabah"ın Konfrans Liqasının qrupuna düşmək şansını necə dəyərləndirirsiniz?

- İlk oyunlar göstərdi ki, hər iki komandamız Konfrans Liqasında iddialıdı. Həm “Zirə”, həm də “Sabah” turnirin qrup mərhələsinə düşməyə çalışacaq. Niyə də olmasın?! Hər ikisi ilk oyunda böyükhesablı qələbə qazandı. Bu uğuru davam etdirmək lazımdı. Qrupa düşmək komandalarımız üçün çox böyük önəm kəsb edir. Bunun öhdəsindən gələ bilsələr, avrokubok təcrübələri xeyli artacaq. Hər ikisinə uğurlar, Konfrans Liqasının qrupuna düşməyi arzu edirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest