"Qarabağ"ın hücumçusu İnnosent Emeqara komandasını dəyişməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə forvard özü məlumat verib.
O, "Bilck" nəşrinə açıqlamasında Ağdam təmsilçisindən yeni müqavilə təklifi aldığını etiraf edib. Lakin isveçrəli oyunçu bunu qəbul etmədiyini də vurğulayıb: "Yeni müqavilə təklifi etdilər. Ancaq bu təklif məni qane etmədi. Görək, necə olacaq".
30 yaşlı forvard "Qarabağ"la Azərbaycan çempionu olmasına da toxunub. O, buna görə sevincli olduğunu gizlətməyib: "çempionluq fərqli hissdi. Bu sizdə özünəinamı artırır. çempionluğu son turun ardından qeyd edəcəyik".
Nigeriya əsilli futbolçu Bakıdakı həyat tərzindən məmnunluğunu da ifadə edib: "Bakı Avropanın Dubayına bənzəyir. Yeni binalar tikilib, hər şey təmizdi, cinayət sıfırdı. Burda bir çox əcnəbi yaşayır. Mən mərkəzdə bir mənzildə tək qalıram".
Qeyd edək ki, "Qarabağ"a ötən yay qayıdan İnnosent Emeqara bu mövsüm Premyer Liqada keçirdiyi 11 oyunda 5 qol vurub.