Azərbaycan milli komandasının və “Neftçi”nin sabiq qapıçısı Hüseyn Məhəmmədovun matc.az saytına müsahibəsi

- “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində keçirdiyi üçüncü oyunda da məğlub olmasını necə qarşıladınız? "Ayaks"la matç və bu görüşdəki hakimlik barədə fikriniz necədi?

- Düzdü, “Qarabağ” hər üç görüşdə uduzub, amma nəzərə almalıyıq ki, bu oyunlarda adlı-sanlı rəqiblərlə qarşılaşıb. Əslində, oyun baxımından rəqiblərin heç birindən geri qalmayıb. “Qarabağ” hər üç görüşdə müqavimət göstərib. Əsas odu ki, təmsilçimiz layiqli oyun nümayiş etdirib, xal götürməyə çalışıb. Amma xal qazanmağı hələ bacarmayıblar. Əminəm ki, qarşıdakı oyunlarda buna nail olmaq üçün əllərindən gələni edəcəklər. Avrokubokların hazırkı formatı çox çətindi. Bir komanda ilə cəmi bir dəfə qarşılaşırsan. Rəqibləri analiz etmək asan olmur. Bununla belə, “Qarabağ” əlindən gələni edir, sonadək mübarizə aparır. Hakimliyə gəlincə, rəqibin “Ayaks”a simpatiyası hiss olunurdu. Qonaqların etdiyi müəyyən qayda pozuntularına hakim göz yumurdu. Həqiqətən də, “Ayaks”ın xeyrinə qərar verdiyi epizodlar oldu.

- Sabiq komandanız “Neftçi” Samir Abasovun gəlişindən sonra necə təsir bağışlayır? Sizcə, komanda Abasovun rəhbərliyi altında yüksələn qrafik cıza biləcək?

- Sabir Abasov “Neftçi” üçün yad sima deyildi. O, bunadək komandaya çempionluq yaşatmış məşqçidi. Bundan əlavə, uzun illərdi Premyer Liqada müxtəlif klubları çalışdırıb, yaxşı nəticələrə imza atıb. Məqsədi də “Neftçi”ni çətin vəziyyətdən çıxartmaqdı. Artıq buna başlayıb. İnanıram ki, “Neftçi”nin çempionatı layiq olduğu pillədə bitirməsi üçün əlindən gələni edəcək.

- Çempionatda artıq 11 tur geridə qalıb. İndiki halda hansı komandaları avrokuboklara vəsiqə qazanmağa ən real namizədlər hesab edirsiniz?

- Çempionatımız çox maraqlı və gərgin keçir. Əksər komandalar avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Hazırda “Qarabağ”, “Zirə”, “Sabah”, “Araz-Naxçıvan” və “Turan Tovuz” bu yerlər uğrunda mübarizə aparırlar. Çempionat uzun marafondu, hələ qarşıda xeyli tur var. Qarşıdakı turlarda vəziyyət dəyişə, başqa komandalar da iddialarını artıra bilərlər.

- Çempionatda cari mövsümdə hansı qapıçılar yaxşı mənada seçilirlər? Sizcə, hazırda Misli Premyer Liqasının ən güclü qolkiperi kimdi?

- Hələ konkret bir nəfəri fərqləndirmək olmur. Təbii ki, özlərini yaxşı tərəfdən göstərməyə çalışan qapıçılar var. Amma hazırda real qiymət vermək mənim üçün çətindi. Bu suala çempionatın sonuna doğru daha dəqiq cavab vermək olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest