Azərbaycan futbolunun tanınmış simalarından olan Emin Mahmudov tək meydandakı oyunu ilə deyil, verdiyi açıqlamalarla da tez-tez diqqət mərkəzinə düşüb. Karyerası ərzində həm klub, həm də milli komanda səviyyəsində müxtəlif hadisələrə münasibət bildirən təcrübəli futbolçu bəzən səmimi etirafları, bəzən sərt tənqidləri, bəzən də mübahisəli fikirləri ilə gündəm yaradıb.

Matc.az saytı milli karyerasını başa vurmağa hazırlaşan Mahmudovun son 10 ildə səsləndirdiyi və futbol ictimaiyyətində müzakirələrə səbəb olan 10 açıqlamasına nəzər salıb.

“Rusiyada, bəlkə də, heç fərqinə varmadılar” (avqust 2016)

FIFA Emin Mahmudovun Azərbaycan millisində çıxışına icazə verdikdən sonra futbolçu bu seçimə Rusiyada necə reaksiya verildiyi ilə bağlı maraqlı fikirlər səsləndirmişdi. O, Rusiyada qərarına xüsusi diqqət yetirilmədiyini, hətta bəlkə də heç kimin bundan xəbər tutmadığını bildirmişdi.

Sonralar Rusiya mətbuatında Mahmudov və Ramil Şeydayevin Azərbaycan millisinin şərəfini qorumağa üstünlük vermələri ilə bağlı müxtəlif fikirlər yazıldı. Futbolçunun Rusiyada legioner limitinə düşmək istəməməsi barədə açıqlamaları da mövzunu yenidən gündəmə gətirdi.

“Spartak”da bir səhv etdin, dərhal kənarlaşdırırlar” (2018-ci ilin sonu)

Mahmudovun Rusiya futbolu ilə bağlı diqqətçəkən açıqlamalarından biri də Moskva “Spartak”ında keçirdiyi dövrlə bağlı idi. “Sovetski Sport”a müsahibəsində o, klubdakı rəqabətin nə qədər sərt olduğunu vurğulamışdı: futbolçu bir dəfə səhv edən kimi dərhal əsas heyətdən kənarlaşdırıla bilərdi.

O, “Saturn”un iflası və klubda yaranan maaş borcları barədə də danışmışdı. Maraqlıdır ki, Mahmudov həmin borcları artıq xatırlamadığını, çünki klubun ona çox şey verdiyini bildirmişdi.

“Neftçi” və “Qarabağ” Rusiya Premyer Liqasının ikinci səkkizliyi səviyyəsindədir” (iyul 2019)

2019-cu ilin yayında Emin Mahmudovun Azərbaycan futbolunun səviyyəsi ilə bağlı fikirləri müzakirələrə səbəb olmuşdu. Tula “Arsenal”ı ilə Avropa Liqası qarşılaşması öncəsi verdiyi müsahibədə o, “Neftçi” və “Qarabağ”ın Rusiya Premyer Liqasının ikinci səkkizliyi səviyyəsində olduğunu, uğurlu çıxışla ilk səkkizliyin sonlarında da yer ala biləcəklərini demişdi.

Həmin müsahibədə Henrix Mxitaryanın Bakıya gəlmək istəməməsi məsələsinə də toxunmuşdu. Mahmudov azərbaycanlılar üçün bu məsələnin xüsusi əhəmiyyət daşımadığını və “Arsenal”ın bütün futbolçularının Bakıda təhlükəsizliyinin təmin olunacağını bildirmişdi. Bu açıqlama da o dövrdə futbol gündəminin diqqətçəkən mövzularından birinə çevrilmişdi.

“Azərbaycanda futbolçuların maaşları yüksəkdir” (oktyabr 2022)

Emin Mahmudov 2022-ci ildə Sports.ru-ya verdiyi müsahibədə Azərbaycan futbolundakı maliyyə vəziyyəti ilə bağlı maraqlı müqayisə aparmışdı. “Neftçi”nin kapitanı bildirmişdi ki, Azərbaycanda hətta nisbətən kiçik klublarda çıxış edən futbolçuların qazancı Rusiyanın Birinci Liqasında (o dövrdə FNL) oynayan futbolçuların maaşları ilə müqayisə oluna bilər. “Qarabağ”ın aparıcı oyunçularının isə daha yüksək məvacib aldığını, bunun da komandanın hər il avrokuboklarda iştirak etməsi ilə bağlı olduğunu vurğulamışdı.

“Mən artıq “Neftçi”nin kapitanı deyiləm” (sentyabr 2024)

2024-cü ilin sentyabrında Emin Mahmudov üçün “Neftçi”də yeni mərhələ başladı. Baş məşqçi Roman Qriqorçukun qərarı ilə kapitan sarğısı ondan alınaraq Ramil Şeydayevə verildi.

Mahmudov sosial şəbəkə hesabında paylaşım edərək altı il ərzində “Neftçi”nin kapitanı olmaqdan qürur duyduğunu bildirdi və bu müddətdə ona dəstək olan azarkeşlərə təşəkkür etdi.

Həmin günlərdə milli komandada kapitanlıq məsələsi də müzakirə mövzusuna çevrilmişdi. Fernandu Santuş Mahmudovun kapitanlıq sarğısını itirdiyini təsdiqləyərək ilk oyunda penalti ilə bağlı tapşırığın yerinə yetirilmədiyini söyləmişdi. Mahmudov isə sonrakı açıqlamasında topu Ramil Şeydayevə onun xahişi ilə verdiyini bildirmişdi. Beləliklə, həm klubda, həm də millidə kapitanlıq məsələsi ətrafında müzakirələr genişlənmişdi.

“Biz də utandırıcı oynadıq, azarkeşlərdən üzr istəyirəm” (sentyabr 2025)

2025-ci ilin sentyabrında İslandiya millisinə 0:5 hesablı məğlubiyyət Azərbaycan futbolunda ciddi narazılıq yaratdı. Qarşılaşmadan sonra komandanın kapitanı Emin Mahmudov da vəziyyətə susqun qalmadı.

O, həm nəticənin, həm də nümayiş etdirilən oyunun utandırıcı olduğunu, komandada heç nəyin alınmadığını açıq şəkildə etiraf etdi. Mahmudov azarkeşlərdən üzr istəyərək növbəti qarşılaşmada, Ukrayna ilə oyunda vəziyyəti düzəltməyə çalışacaqlarını bildirdi.

Santuşun vida sözləri və “Yerli məşqçi ilə işləmək daha asandır” (sentyabr 2025)

Fernandu Santuşun Azərbaycan millisindən ayrılmasından sonra Emin Mahmudovun açıqlamaları yenidən diqqət mərkəzinə düşdü. Ukrayna ilə 1:1 hesablı heç-heçədən sonra danışan kapitan portuqaliyalı mütəxəssisin komanda ilə sağollaşdığını və əlindən gələni etdiyini, lakin istədiyi nəticəni əldə edə bilmədiyini söylədiyini bildirdi.

Mahmudov, həmçinin Azərbaycan millisində yerli məşqçinin işləməsinin futbolçular üçün daha rahat ola biləcəyini qeyd etdi.

Bu qarşılaşma kapitan üçün başqa bir baxımdan da əlamətdar oldu. Ukrayna ilə oyunda vurduğu qolla Emin Mahmudov Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçuya çevrildi.

“Başqalarının həyatı ilə oynayırlar” – hakimlərə sərt etiraz (mart 2026)

2026-cı ilin martında “Şamaxı” ilə keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra Emin Mahmudovun hakimlərlə bağlı sərt fikirləri gündəm oldu.

Oyunun 90+5-ci dəqiqəsində rəqib komandanın lehinə penalti təyin edilməsindən narazı qalan kapitan hakimlərin qərarlarına kəskin etiraz etdi. O, “Onlar bizim irəli getməyimizi istəmirlər və başqalarının həyatı ilə oynayırlar” ifadəsini işlədərək narazılığını açıq şəkildə ortaya qoydu.

Bu açıqlama qısa zamanda futbol ictimaiyyətində geniş müzakirə olundu.

“Futbol oynamırıq, hakimlərə qarşı oynayırıq” (aprel 2026)

Emin Mahmudovun hakimlərlə bağlı narazılığı bununla da bitmədi. Aprel ayında “Zirə” ilə 1:1 hesablı heç-heçədən sonra kapitan daha sərt açıqlama ilə çıxış etdi. O, komandanın futbol oynamaq əvəzinə hakim qərarlarına qarşı mübarizə aparmağa məcbur qaldığını söylədi. VAR sisteminin təyinatını da sual altına alan Mahmudov ofsayd epizodu ilə bağlı hakimin qərarına kəskin etirazını bildirdi.

Qarşılaşmadan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da futbolçusunun hərəkətinə görə “Neftçi”dən üzr istədi. Beləliklə, oyun meydanındakı nəticə ilə yanaşı, hakim qərarları ətrafında yaranan mübahisələr də gündəmin əsas mövzularından birinə çevrildi.

“Azarkeşlərə borcluyuq” – Minsk məğlubiyyətindən sonra üzrxahlıq (iyul 2026)

2026-cı ilin iyulunda Konfrans Liqasında Minsk “Dinamo”suna 2:4 hesabı ilə məğlub olan “Neftçi” azarkeşlərini məyus etdi. Qarşılaşmadan sonra komandanın kapitanı Emin Mahmudov da nəticəyə münasibət bildirdi.

O, komandanın oyunlara yaxşı başladığını, lakin sonradan tempini itirdiyini söylədi. Azarkeşlərin komandaya böyük dəstək verdiyini, futbolçuların isə onların ümidlərini doğrulda bilmədiyini etiraf edən Mahmudov tərəfdarlardan üzr istədi.

MURAD

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest