Qalan futbolçuların hamısı hazırdı. Biz "Şaxtyor", Kiyev "Dinamo"su kimi komanda deyilik. Əvəzində yaxşı kollektiv ruhumuz var. Adları çəkilən futbolçular aparıcı simalarımızdı. Təəssüf ki, sabah oynamayacaqlar.
"Şəhərin atmosferi, stadion çox gözəldi". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın baş məşqçisi Vasili Saçko deyib.
Ukrayna klubu Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"ın qonağı olacaq.
Oyunöncəsi mətbuat konfransında 43 yaşlı mütəxəssis bu sözləri deyib: "Bizi maraqlı oyun gözləyir. Hər iki komanda ilk iki görüşdə qələbə qazanmayıb. Sabah itirəcəyimiz bir şey olmayacaq. Həmçinin "Qarabağ" da eyni mövqedən çıxış edəcək".
- Aleksandre Kobaxidze, Geqam Kadimyan və Denis Vasin Bakıya gəlməyib. Başqa itkiləriniz varmı?
- Qalan futbolçuların hamısı hazırdı. Biz "Şaxtyor", Kiyev "Dinamo"su kimi komanda deyilik. Əvəzində yaxşı kollektiv ruhumuz var. Adları çəkilən futbolçular aparıcı simalarımızdı. Təəssüf ki, sabah oynamayacaqlar. Bunlar böyük itkidi. Amma digər oyunçularımızın da özlərini göstərmək üçün böyük şansları olacaq.
- "Volın"da çiyin-çiyinə çıxış etdiyiniz azərbaycanlı futbolçularla burda görüşmək planınız varmı?
- Onların hamısına hörmət edirəm. Həmin oyunçularla az müddət bir yerdə oynamamışam. Onların sayəsində əsl azərbaycanlıların qonaqpərvərliyini görmüşəm. Xeyr, hələ görüşməmişəm. Telefonla danışmışıq. çox istərdim ki, görüşək. ümid edirəm ki, bu gün görüşüb bir fincan çay içə biləcəyik.
- "Qarabağ"la bağlı düşüncələriniz nələrdi və burdan neçə xalla ayrılmağa ümid edirsiniz?
- çox güclü qrupa düşmüşük. Əlbəttə ki, "Arsenal" və "Sportinq" qrupun favoritləridi. "Qarabağ"ın necə komanda olduğunu da çox gözəl bilirəm. Sabahkı rəqib barədə məlumatlar əldə etmişik. çox yaxşı, kompakt futbol oynayan komandadı. "Qarabağ"ın heyətində yığmasına çağırılan oyunçu sayı az deyil. İndividual cəhətdən fərqlənən oyunçuları var. Hücum xətti sürətlidi və topla yaxşı rəftar edirlər. Ukraynanın digər komandası "Dnepr"lə oyunlarda onlara çətinlik yaratdığını bilirik. "Arsenal" və "Sportinq"lə oyunlarda qol vəziyyətləri yarada bilmişdilər. İnanıram ki, cavab matçlarında onlardan xal ala bilər. Rəqibin də çatışmazlıqları var. Amma bu gün üstün cəhətlərindən danışıram. Baş məşqçiləri Qurban Qurbanov uzun müddətdi burdadı, həmçinin Azərbaycan yığmasına rəhbərlik edir. Heyətlə bağlı problemlərimiz var. Amma bura qələbə üçün gəlmişik. Məqsədimiz 3 xalla ayrılmaqdı. Bura dincəlməyə gəlməmişik. "Sportinq"lə görüşdə hesabda irəli olarkən təcrübəsizlik və ehtiyac qüvvənin çatışmazlığından xallar itirmişdik.
- 3 saatdan çox davam edən yorucu uçuşdan sonra fiziki durum necədi və komandanı psixoloji cəhətdən matça necə hazırlayacaqsınız?
- Təyyarə ilə 3 saatdan çox uçuş uzun müddətdi. Lakin bundan sürətli nəqliyyat vasitəsi yox idi. Sağ olsunlar, zamanında oteldə məskunlaşmağımıza kömək etdilər. İstirahət etmək üçün imkanımız oldu.
- 4 gün əvvəl Kiyev "Dinamo"su ilə gərgin çempionat matçına çıxmışdınız. Həmin oyunun gərginliyini üzərinizdən ata bilmisinizmi?
- çempionatın liderlərindən birinə qarşı oyunda çox güc sərf etdik. Məşqçi heyətinin işi oyunçuları növbəti matça oyunçuları hazırlamaqdı. "Qarabağ"ın çətin oyunları olub. Başqa yolumuz yoxdu. Hər oyunda maksimum gücümüzü göstərməyə çalışacağıq. Sabah bizi çox çətin oyun gözləyir. Təəssüf ki, "Dinamo" ilə görüşdə məğlub olduq. Amma inanmıram ki, bunun sabahkı qarşılaşmaya təsiri olsun. Sabahkı oyun səviyyəcə yüksək olacağından, bunun futbolçulara əlavə motivasiyası olacaq. Heç kimdən qorxmuruq. Sabah da bütün gücümüzü ortaya qoyacağıq ki, müsbət nəticə qazanaq.
- Geqam Kadimyan zədəli olmasaydı, bura gətirəcəkdinizmi və iki həftə sonrakı matçda onu oynadacaqsınızmı?
- Hazırda o, zədəlidi. Sağlam olsaydı, durumuna baxacaqdıq. Zədəli olduğu üçün də gətirə bilmədik. Həm ona, həm də digər zədəlilərimizə görə üzülürəm. Gələn görüşə hazır olub-olmayacağı bilinmir. Tibbi personal hər bir oyunçunun tez sağalması üçün əlindən gələni edir.
- Andrey Şevçenko "Vorskla"nın bir çox matçlarını tribunadan izləyib. Sabahkı qarşılaşmaya gələcəkmi?
- Onun planı barədə məlumatım yoxdu. Yığmanın baş məşqçisidi, bütün klublarla ünsiyyətdədi. Gənc olsa da, yüksək hədəfləri olan məşqçidi. Bizim Londondakı oyunumuza getmişdi. Ancaq onun sabahkı görüşə gəlib-gəlməyəcəyini deyə bilmərəm. Gəlməsə də, əminəm ki, televiziyadan yüz faiz izləyəcək.
- Futbolçuların sabahkı oyuna taktiki baxımdan hazırlığı hansı səviyyədədi?
- Bizim üçün çətin oyun olacaq. Rəqibin çatışmazlıqları barədə futbolçuları məlumatlandırmışıq. Taktiki hazırlığımız yüksək səviyyədədi.