"Komo"nun baş məşqçisi Sesk Fabreqas uğurlu keçən 2025/26 mövsümündən sonra İtaliya klubunu tərk etmək niyyətində olmadığını bildirib.
Matc.az xəbər verir ki, komanda 39 yaşlı mütəxəssisin rəhbərliyi altında A Seriyasında 4-cü yeri tutub və tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. İspaniyalı məşqçi klub rəhbərliyi ilə görüşdə növbəti mövsümün planlarının təsdiqləndiyini bildirib:
"Klubun prezidenti və direktoru ilə uzun bir görüşümüz oldu. Növbəti mövsüm üçün planı təsdiqlədik. Burada olduğum üçün çox şadam. Hələ də çox şey öyrənirəm. Komandada yeni bir mentalitet formalaşdırırıq. Klubun böyüməsi çox sürətli baş verdi. Artıq iki il yarımdır ki, gözləntiləri aşırıq. Bu gündən etibarən Avropada oynayacağımız çətin və qeyri-adi mövsümə hazırlaşmağa başlayırıq. Ehtiyatlı olmalıyıq. Əgər "Santyaqo Bernabeu" və ya "Kamp Nou"ya tam hazır olmadan yollansaq, qapımızda 6 qol görərik. Səviyyəmizi qaldırmalı və yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, Sesk Fabreqas 2024-cü ilin yayında "Komo"nun baş məşqçisi vəzifəsinə təyin olunub. Onun klubla müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimidir.









_1779793127.jpg)



