"Zirə" yay "transfer pəncərəsi"ndə heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar Cavid Hüseynovla anlaşıb.
"Qəbələ"dən ayrılan 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Milli komandamızın üzvü keçidi ilə bağlı təəssüratlarını da bölüşüb: "Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə, bu gün müqavilə bağladıq. "Zirə" ilə müqavilə imzaladığıma görə şadam".
Qeyd edək ki, Cavid Hüseynov indiyə qədər "Turan", MOİK, "Olimpik", "İnter", "Neftçi", "Adana Dəmirspor" (Türkiyə), "Bakı" və "Qəbələ"də forma geyinib. O, həmçinin Azərbaycan yığmasında meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.