“Mançester Yunayted”in keçmiş kapitanı Qari Nevil komandanın Premyer Liqada “Bornmut”a 0:3 hesabı ilə məğlub olmasından sonra klubdakı böhranla bağlı sərt açıqlamalar verib. Matc.az xəbər verir ki,  “qırmızı şeytanlar” ardıcıl səkkiz oyundur qələbə qazana bilmir. 
 
Komandanın mövcud durumu və baş məşqçi Maykl Kerrikin istefası fonunda Nevil futbolçuların davranışını kəskin şəkildə tənqid edib:
 
“Maykl Kerrik gözəl insandır – dürüst, nüfuzlu, ləyaqətli və peşəkar bir şəxsdir. O, sabitliyi və etibarlılığı təcəssüm etdirir, lakin bu keyfiyyətlər komandanın soyunub-geyinmə otağındakı oyunçularda tamamilə yoxdur. İndi isə nəticə verə bilmədiyi üçün bunun bədəlini ödəyir. Son aylarda bu yük onun üçün çox ağır oldu; oyunçularla ortaq dil tapa bilmədi və nəticədə onlar ona qarşı çıxdılar”.
 
Bruno Fernandeşin komandadakı mövqeyinə və qapalı qapılar arxasında baş verənlərə toxunan keçmiş müdafiəçi, vəziyyətin dözülməz həddə çatdığını bildirib:
“Əgər Bruno Fernandeş belə - hətta qısa bir açıqlama şəklində olsa da - ona qarşı çıxış edibsə, qapalı qapılar arxasında nələrin baş verdiyini təsəvvür edin. Əgər kapitan belə sözlər deyirsə, bu, sadəcə dəhşətlidir”.
 
Mançesterdə yaşamasını və klubun iç üzünü yaxşı bildiyini vurğulayan Nevil bəzi futbolçuların peşəkar yanaşmadan uzaq olduğunu iddia edib: “Onların bəziləri tamamilə qeyri-peşəkar davranırlar. Mən Mançesterdə yaşayıram və dəqiq bilirəm ki, bu oyunçuların bəzilərinin peşəkarlıqla heç bir əlaqəsi yoxdur. Mən belə şeylərə dözə bilmərəm. Aralarında vaxtında yatmayan, düzgün qidalanmayan, bu klubla yaşamayan və nəfəs almayanlar var. Niyə? Çünki şöhrət onların başını gicəlləndirib. Düzünü desəm, bu oyunçuların bəziləri sadəcə boş adamlardır”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest