"Kəpəz" dirçələn kimi son pillə məhz "İmişli"nin daimi məskəni olacaq.
“İmişli”nin mövsümə pis başlamamasını əsas götürənlər yay boyunca bu komandanı tənqid edənləri qərəzdə günahlandırmağa tələsib. Dünən mətbuatın nə qədər haqlı olduğu aydınlaşdı.
“Sumqayıt”la matçda adı protokolda olmayan futbolçunu meydana buraxan debütant texniki məğlubiyyət alacaq. Beləcə qazanılan 1:0 hesablı qələbə 0:3-ə çevriləcək.
Bəri başdan qeyd edək ki, imişlilərin baş məşqçisi Jorje Kaşkilya barədə yazdıqlarımızın üzərində dayanırıq. Bu məşqçinin bacarığına şübhə etməkdə israrlıyıq. Müdafiədə oturmaqla ciddi nəticələr qazanmaq mümkün deyil. Komanda indiyədək qazandığı xalları bu şəkildə əldə edib. Lakin bütöv mövsümü eyni qaydada davam etdirmək mümkünsüzdür. Dünənki olayın psixoloji sarsıntısını da nəzərə alsaq, hətta komandanın artıq enişə keçdiyini deyə bilərik. “Kəpəz” dirçələn kimi son pillə məhz “İmişli”nin daimi məskəni olacaq.
Mətbuatın bölgə təmsilçisini tənqid hədəflərindən biri məhz klub formalaşdıra bilməməsi ilə bağlı idi. 15-20 oyunçu transfer edib əcnəbi məşqçi gətirməklə ən yaxşı halda komanda ola bilərsən. Və “İmişli” bundan artığı deyil. Dünənki olay kadr seçimlərində, idarəçilikdə necə bərbad durumun yaşandığını isbatladı. Dost-tanışı müxtəlif postlara əyləşdirməklə deyil, işi bilən insanlar əməkdaşlığa cəlb olunmalı, belə biabırçılıqların qarşısı alınmalıydı.
Texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə, xüsusilə Peşəkar Futbol Liqasının tətbiq etdiyi protokol sistemində adı iştirak ərizəsində olmayan oyunçunu meydana buraxmaq səriştəsizliyin ən pik həddidir. Görünür, klubda bu işlə məşğul olanlar hərəsi bir sahədən məcburən futbol klubuna gətirilib və ən primitiv qaydaları bilmirlər. İlin-günün bu vaxtında futbolçuların böyük əziyyətlə qazandığı 3 xalı belə səhlənkarlıqla əldən vermək sadəcə ayıbdır.
Bu olay təkcə “İmişli”nin deyil, çempionatın da imicini yerlə bir etdi. Və dünənki hadisədə hakimlər briqadasının da ciddi səhvi var. İbrahim Əliyev meydana çıxmasaydı, bəlkə də bu eyib ört-basdır olacaqdı. Görəsən, hakimlər adı protokolda olmayan oyunçunun texniki zonada əyləşməsinə niyə diqqət etməyib? Klub günahkardı, özünü biabır etdi, bəs, hakimlər hara baxırdı? Cəzalar verilərkən Tural Qurbanovun başçılıq etdiyi hakimlər briqadası barədə də ölçü götürülməlidir.
“Oyuncaq klub”un prezidenti Kamran Eyyubov yəqin ki, bu olaydan dərsini almış olar. Bu, təkcə hansısa əməkdaşın günahı deyil, bütünlüklə idarəçilik fiaskosudur. Dünən texniki məğlubiyyətə səbəb olan hadisə yaşandı, sabah komandanın Premyer Liqadan qovulmasına imkan verən səhvlər ortaya çıxacaq. Qarşıdan ağır qış ayları gəlir, komandanın sığındığı Qubanın meydançası çətin ki, ardıcıl oyunlara tab gətirsin. Dünən “Sumqayıt”ın baş məşqçisi Saşa İliç gileyləndi, bir neçə matçdan sonra stadionun qazonu daha dəhşətli vəziyyətdə olacaq. İmişlidə yerli arenanın təmiri üçün heç bir iş görməyən klub rəsmiləri ayılanda rəqiblərini qəbul etməyə yer tapa bilməyəcək.
Premyer Liqada komanda sayının artırılması yaxşıdır, amma “İmişli” kimi yamaq iştirakçılarla ümumi səviyyə aşağı düşür. Dünən meydana çıxan komandalardan birinin prezidenti, digərinin formalaşdırılmasında baş rol ifaçısı Riad Rəfiyevdir. Bəlkə…
(futbolinfo.az)