MDB oyunlarının qəbul etməyə hazırlaşan Gəncənin “Kəpəz”i elə həmin MDB ölkələrinin çempionatlarında mübarizə aparan yeganə komandadı ki, xal üzünə həsrətdi. İnanmayanlar araşdıra bilərlər. Hətta hazırda 1 xalı olan erməni “Ararat”ı qədər nəticəsi yoxdu.

Niyə belədi, kimdi bu komandada söz sahibləri? Məsuliyyəti kim daşıyır, azarkeşlərin əsəbləri niyə tarıma çəkilir?

Klubun İdarə Heyətinin sədri Adil Vəliyevdi. Bu bəy də DTX-nın həbs etdiyi neft oliqarxı Adnan Əhmədzadənin ən etibarlı, ən çox güvəndiyi adamdı. Əhmədzadə kimi, Vəliyevin də həm Azərbaycanda, həm də xaricdə biznesinin olduğu haqda mediada çoxlu sayda yazılar var.

Adil bəyi başa düşmək olar, fikri-zikri tək “çörək pulu” qazandığı obyektlərinin yanında deyil ki... Gözləri qapıda, qulaqları telefonda qalıb. Hər saniyəsi, hər dəqiqəsi gərgindi, sanki iynə üstündədi. Bəlkə də, hər gün özünə 100 dəfə sual verir ki, görəsən,  şefini – arxa-dayağı Adnan Əhmədzadəni həbsə atanlar qapısını döyüb, sorğu-sual edəcəkmi? Vəliyevdə RAHATlıq qalarmı?

Heç kimə sirr deyil, Vəliyev futbolda təsadüfi adamdı, futbolun “F” hərfindən xəbəri varsa, gəncəli azarkeşlərin gözü aydın olsun, xəbəri yoxdusa... bəlkə,  elə bu səbəbdən “Kəpəz”də bütün səlahiyyətləri yaxın qohumu, menecer Erkin İbrahimova həvalə edib.

Bəs Erkin bəy nə etdi?

Ötən mövsümün sonuna yaxın əla münasibətdə olduğu Adil Şükürovu baş məşqçi postuna gətirmək üçün yollar axtardı. Hansı ki, həmin Şükürov ötən mövsüm uğursuzluğa görə 4-cü turdan sonra istefaya göndərilmişdi. Bundan sonra baş məşqçi postuna Azər Bağırov gətirilir və o, komandanı Premyer Liqada saxlamağı bacarır. Amma mövsümün sonunda Bağırova “pulumuz yoxdu” deməklə, onun komandadan getməsinə şərait yaradılır. Əvəzində Azər bəyə vermək istəmədikləri məbləğdən daha artığı Şükürova vəd olunur – ayda təxminən 10 min manat. 

Nəticə də göz qabağında, “Kəpəz” 5 turdan sonra sonuncudu. İtirilən xallara görə Xalxalın suyu da bunların eyiblərini, səhvlərini yuyub təmizləməz. 

Hansı səhvləri?

Məsələn, “Kəpəz”in ən fəal azarkeşlərindən, Gəncə futbolunda baş verənlərdən xəbərdar olan Müşfiq Məmmədov sosial media hesabında maraqlı paylaşım edib. Onun iddiasına görə, “Kəpəz”in transfer etdiyi polşalı qapıçı Kacper Rosa Premyer Liqamızda mübarizə aparan klublardan birinə 4500 dollara təklif olunub və bəyənilməyib. Amma sonradan nə baş verdisə, həmin uğursuz qapıçı “Kəpəz”də peyda oldu, özü də aylıq 7 min dollar maaşa!

Bildiyim qədərilə, həmin menecer Rosanın keçidinə görə həm klubdan, həm də transferdən müəyyən faiz, normal pul alır. Yəni qazanan menecerdi. Bəs “Kəpəz”in qazancı nədi – 5 oyunda 0 xal...

(Ardı olacaq)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest