"Saçkonun komandası hücum edə bilmirdi. Fasilədən sonra hücumçu Karekanın meydana daxil olması hər şeyi dəyişdi".

"İki fərqli hissə izlədik. Açıq demək lazımdısa, birinci hissədə "Vorskla"da heç nə alınmadı". Matç.az saytı xəbər verir ki, bunu Ukrayna yığmasının sabiq futbolçusu Aleksandr Yakovenko deyib.

Hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən 31 yaşlı keçmiş yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində baş tutan "Qarabağ" – "Vorskla" görüşünü dəyərləndirib.

Karyerası ərzində "Anderlext", "Fiorentina", "Malaqa", "Dinamo" (Kiyev) kimi klubların formasını geyinmiş Yakovenkonun fikrincə, oyunun taleyini "Vorskla"nın hücumçusu Kareka həll edib: "Saçkonun komandası hücum edə bilmirdi. Fasilədən sonra hücumçu Karekanın meydana daxil olması hər şeyi dəyişdi. O, topa "yapışmağa" başladı ki, bu da komandanın köməyinə çatdı. Düzdü, qol vurmadı, ancaq Kulaçın qolunda məhsuldar ötürmə verdi. ümumiyyətlə, Kareka oyunun gedişatını dəyişdi. Onun sayəsində "Vorskla" ikinci hissədə hücumlara keçmək imkanı qazandı. O ki qaldı "Qarabağ"a, onların 25-30 metrlik məsafədən bir təhlükəli zərbəsi oldu. Yaxın məsafədən zərbələrinin sayı isə çox az idi".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest