Londonun "Çelsi" klubu yarımmüdafiəçisi Enso Fernandesin transferi ilə bağlı danışıqlar üçün cümə günü axşam saat 17:00-a (Böyük Britaniya vaxtı ilə) qədər son müddət təyin edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, əgər təyin olunmuş vaxta qədər klublar razılığa gələ bilməsələr, transfer baş tutmayacaq. 25 yaşlı argentinalı futbolçunun keçidini rəsmiləşdirmək istəyən komandalar London təmsilçisinə birbaşa 140,5 milyon avro dəyərində təklif irəli sürməlidirlər.
Hazırda oyunçuya əsas namizəd məhz "Mançester Siti" hesab olunur. "Şəhərlilər" artıq bir neçə gündür ki, Fernandesin nümayəndələri ilə danışıqlar aparır və London klubu da bu məsələdən məlumatlıdır.
Xatırladaq ki, Enso Fernandes 2023-cü ilin qışında "Benfika"dan "Çelsi"yə keçib. O, London klubunun heyətində bütün turnirlərdə ümumilikdə 166 matçda meydana çıxıb və 30 qol vurub.
Argentinalı yarımmüdafiəçi komanda ilə birlikdə Konfrans Liqasının (2024/25) və klublararası dünya çempionatının (2025) qalibi olub. Futbolçunun hazırkı müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında onun dəyəri 100 milyon avro təşkil edir.













