"Sportinq" klubunun və Kolumbiya millisinin hücumçusu Luis Suares karyerasını "Barselona"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, İspaniya çempionu yeni hücumçu axtarışlarını davam etdirir. Madrid "Atletiko"sundan Xulian Alvares komanda üçün prioritet namizəd olaraq qalır, lakin argentinalının transferi getdikcə daha az ehtimal olunur.
Suaresin "Sportinq" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir, 28 yaşlı kolumbiyalının transfer dəyəri isə 30 milyon avro qiymətləndirilir.
Ötən mövsüm Suares "Sportinq"in heyətində bütün turnirlərdə keçirdiyi 53 oyunda 38 qol vurub və 9 məhsuldar ötürmə edib. Hücumçu Kolumbiya millisinin heyətində 17 matçda meydana çıxıb və 5 qolla yadda qalıb.
Xatırladaq ki, "Barselona" eyni zamanda "Mançester Siti"nin dayaq yarımmüdafiəçisi Rodrinin transferi ilə bağlı da danışıqlar aparır.













