"Doğma azarkeşlər qarşısında çox pis nəticə göstərdik və bu nəticəyə görə, əlbəttə ki, hər birimiz günahkarıq".
"Çox pis nəticə oldu. Doğma azarkeşlər qarşısında çox pis nəticə göstərdik və bu nəticəyə görə, əlbəttə ki, hər birimiz günahkarıq. Düşünürəm ki, rəqib, belə deyək, yaratdığı yarım epizodluq vəziyyətdən istifadə etdi. Bizim epizodlarımız oldu, amma istifadə edə bilmədik. Komanda da keyfiyyət baxımından geri qaldı. Bəzən ortada çox top itirirdik və ötürmələrdə çox ləng oynayırdıq. 15-20 dəqiqə ərzində də çox top itirməyimiz nəticəsində rəqib bizim qapımız qarşısında əks-hücumlar yaratdı. Bir çox futbolçular sanki hələ ki, onlardan nə tələb etdiyimizi başa düşmürlər. Bəziləri hansı səviyyəli çempionata gəldiklərini sanki anlamırlar. Halbuki, Azərbaycan Premyer Liqası çox yüksəlib. Oyunu udmaq üçün, hətta qələbə qazanmağa bəs edəcək qədər qol vəziyyəti yaratdıq, amma sadəcə olaraq bunlardan istifadə edə bilmədik. Keyfiyyəti artırmaq lazımdır. Ötən mövsümkü kombinasiyalı oyunumuz yoxdur, yalnız cinahlardan ötürmələrlə hələ ki, istədiyimizə nail ola bilmirik".
Matc.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının II turunun "Şəfa" (0:1) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Sizin üçün iki mərkəz hücumçusu ilə oynamaq effektiv olacaq? Bu gün göründü ki, effektli deyillər...
- Razıyam. Ümid edirik ki, iki hücumçu ilə oynamağın effekti olacaq. Düzdür, rəqibin müdafiəsi qarşısında müəyyən gərginlik yaradırlar. İkisinin birlikdə haradasa 4 qol vəziyyəti oldu, lakin bundan istifadə edə bilmədik. Oyun elə qurulmuşdu ki, cinahlardan iki mərkəz hücumçusuna ötürmələr verilməli idi və onlar da bundan istifadə etməli idilər. Amma təəssüf ki, bu olmadı.
- "Turan Tovuz”a məğlubiyyətdən sonra demişdiniz ki, komandanızın böyük potensialı var. İndi də bu fikirdə qalırsınız?
- Əlbəttə, mən düşünürəm ki, komandada potensial var. Göstərdikləri oyun baxımından da mən bunu qeyd edərdim. Amma, başqa tərəfdən, ilk dəfə idi ki, biz bu heyətlə Tovuzda oynadıq. Bunun üzərində işləyib analiz etməliyik. Kombinasiyalı oyunumuzu itirmişik. Oyun baxımından daha yaxşı ola bilərik. Əlbəttə, razıyam, nəticə pisdir, amma gəlin deyək ki, rəqibin də bir yarım qol epizodu oldu və ondan istifadə etdi. Amma bizim, məsələn, dirəkdən qayıdan toplarımız var idi ki, bunları epizoda çevirə bilmədik.
- Ötən mövsüm seleksiyadan narazı idiniz, deyirdiniz ki, Premyer Liqa səviyyəsində olmayan futbolçular var komandada. Bu mövsüm necə düşünürsünüz, yenə elədir?
- Gəlin, ötən mövsümdən danışmayaq. Heyətdə futbolçular var, sadəcə uyğunlaşmaları vaxt aparır. Bir az əvvəl eyni suala cavab verdim.
- İkinci turdan sonra artıq azarkeşlər sizi istefaya səslədilər. Demək olar ki, azarkeşlərlə sizin aranızda bağ qırılıb...
- Azarkeşlərin hər məğlubiyyətdən sonra istefa səsləməyə haqları var.
- Sanki onlarla aranızdakı qarşılıqlı inam bağı qırılıb. Bundan narahat deyilsiniz?
- Sağ olun.












