Azərbaycan Premyer Liqasının cari mövsümü artıq ilk ciddi səs-küylü nəticə ilə yadda qaldı. Matc.az xəbər verir ki, “Neftçi” II turda “Araz-Naxçıvan”ı darmadağın edərək, azarkeşlərinə əsl qol şousu yaşatdı.
“Ağ-qaralar” rəqibini 5:0 hesabı ilə məğlub etməklə, təkcə mövsümün ilk böyükhesablı qələbəsinə imza atmadı, həm də ölkə çempionatları tarixində əlamətdar yubileyə çatdı.
Bu parlaq qələbə “Neftçi”nin yüksək dəstədəki 150-ci darmadağın tarixi kimi qeydə alındı. Statistikaya nəzər salsaq görərik ki, paytaxt klubunun bu qələbələrinin 98-i doğma azarkeşlər önündə, 52-si isə səfər matçlarında reallaşıb.
Maraqlıdır ki, “Neftçi”nin bu uzun və şanlı yolun əsasını qoyduğu ilk böyükhesablı qələbəsi müstəqilliyimizin ilk illərinə təsadüf edir. Komanda 1992-ci il mövsümündə Şamaxının “Şirvan” klubunu 8:1 hesabı ilə məğlub edərək rekordlar seriyasının təməlini qoymuşdu.
Naxçıvan təmsilçisi üçün isə bu ağır məğlubiyyət şübhəsiz ki, ciddi nəticələr çıxarmaq üçün əsl dərs olacaq.













