“Siz həqiqətən də Dieqo Balau və Rahil Məmmədovla “Turan”ın çempion olacağına inanırsınız?”

Bu sualı dünən “Kəpəz”ə məğlubiyyətdən sonra Kurban Berdiyevə ünvanlamışdım. O boyda zəngin təcrübəyə malik məşqçinin tərəddüdsüz “əlbəttə” cavabından sonra adamın dil-ağzı qurudu.

Açıq deyirəm, əgər Berdiyev bu heyətlə (!) “Turan”ı çempionluq qalsın bir yana, heç olmasa ilk “üçlüy”ə sala bilsə, mövsümün sonunda hər üçündən üzr istəyəcəyəm!

Təsəvvür edirsiniz, çempionluq iddiasında olan komanda mövsümün ilk üç oyununda cəmi bir qol vurub. Özü də iddialı rəqibə yox, autsayderə, o da zorla, əziyyətlə...

Məqsədi yalnız Premyer Liqada qalmaq olan “Şamaxı” və “Kəpəz”ə qalib gələ bilmirsənsə, deməli, problem səndədi. Rahil və Balau kimilərlə də ən yaxşı halda yalnız azarkeşlərin əsəbləri ilə oynaya bilərsən, cənab Berdiyev!

Rahilin müdafiəçi olduğu, sonuncu klubu “Araz-Naxçıvan” ötən mövsüm az qala hər oyuna iki top buraxırdı. Üstəlik, sənin köməkçin olmuş Cavid Hüseynov onu komandada saxlamaq istəmirsə, hansı keyfiyyətlərini bəyəndiniz axı? Dünən “Kəpəz” qolu Rahilin meydana çıxmasından az sonra, məhz onun cinahından vurmadı?

Sən heç vaxt iddialı olmayan və olmayacaq “Şamaxı”dan gətirdiyin Balau ilə uzağa gedə bilməzsən, cənab məşqçi. Onun maksimumu elə “Şamaxı” idi, “Turan” yox.

Əgər sənin “uğurlu transferlərin” orxanlar, antonlardısa, artıq sənin məşqçilik bacarığın da, transfer siyasətin də ciddi şübhə altına düşür. On minlərlə azarkeşi bu dərəcə aldatmaq, o dəyərli rəhbərliyə, Tovuz futboluna nəfəs verən, ayağa qaldıran gözəl bir insana xəyanətdi, xəyanət!

Hərdən adama elə gəlir ki, “Turan” daxilində rəhbərliyi və şəxsən çox hörmətli Ehtiram Quliyevi istəməyən müəyyən qüvvələr var. Bu insanlar hər imkanda öz şəxsi mənafelərini klubun maraqlarından üstün tutur, əsas işləri klubdan nəsə qoparmaqdı. Mənasız transferlərlə dəyərli Ehtiram bəyin pullarını havaya sovurmaqla məşğuldurlar.

Sənin bütün varlığınla bəyəndiyin David Tavareş zədəli çıxıb, bir il ehtiyatda qalırsa, bir ətək pul verdiyin İbrahima Vadji ötən mövsüm cəmi bir qol vurursa, indi də meydana çıxmaq şansı qazanmırsa, deməli, hansısa menecerin qurbanı olmusan!

Hə, bu məsələlərdə Kurban Bekiyeviçdən başqa, onun yerli köməkçisi Yunis Hüseynovda da az günah yoxdu. Tutalım, siz Orxanları, Rahilləri yaxşı tanımırdınız, bəs Yunis bu transferlərə görə sizə öz fikrini demədimi? Bəlkə də onun məsləhəti ilə almısız, amma...

Amması odur ki, Allah bilir, bəlkə də “Turan”da “xoşbəxtəm” deyən Yunis bəy də sizin istefa verəcəyiniz, baş məşqçi olacağı günü gözləyir. Dünyanın işini bilmək olmaz. Lakin dəqiq bir şey var: böyük hədəflər kiçik təfərrüatlara etinasızlıqları bağışlamır, Kurban Bekiyeviç!

SAMİR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest