"Atletiko" əsas komandanın iki futbolçusunun icarəyə verildiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, madridlilərin vitse-kapitanı, uruqvaylı müdafiəçi Xose Mariya Ximenes satınalma seçimi ilə 1 illik icarə əsasında İspaniyanın digər klubu "Deportivo"ya (La-Korunya) keçib. Fransalı hücumameyilli yarımmüdafiəçi Toma Lemar isə satınalma hüququ olmadan 1 illik "Elçe"yə icarəyə verilib.
Ximenesin 31 yaşı var. O, 2013-cü ildə Uruqvayın "Danubio" klubundan transfer olunduqdan sonra "qırmızı-bəyazlar"la müqavilə imzalayıb və elə həmin vaxt Dieqo Simeonenin rəhbərlik etdiyi komandanın heyətində debüt edib. Ümumilikdə uruqvaylı oyunçu "Atletiko"nun heyətində 384 matçda meydanda olub (14 qol + 13 məhsuldar ötürmə) və Koke ilə Yan Oblakdan sonra Madrid komandasının üçüncü kapitanı funksiyasını yerinə yetirib.
Lemarın 30 yaşı var. Fransalı futbolçu 8 il əvvəl "Monako"dan 72 milyon avro qarşılığında "Atletiko"ya keçərək həmin dövr üçün klubun transfer rekordunu yeniləmişdi. Toma ötən mövsümü icarə əsasında "Jirona"da keçirib. Lemar Madrid klubunun heyətində ümumilikdə 186 oyuna çıxıb, 10 qol vurub və 19 məhsuldar ötürmə edib.













