PSJ klubu gender bərabərliyi indeksinin tələblərinə əməl etmədiyi üçün kəsilən 2,7 milyon avro məbləğində cərimə ilə barışmalı olub.
Matc.az xəbər verir ki, Paris məhkəməsi bununla bağlı kəsilən cərimə qərarını qüvvədə saxlayıb.
Bildirilir ki, məhkəmənin çıxardığı qətnamə İl-de-Frans bölgəsinin əmək müfəttişliyinin 2024-cü ilin martında qəbul etdiyi qərarı təsdiqləyir. Qərara əsasən, klubun 2022-ci ildəki gəlirlərinin 0,5 faizi, yəni tam olaraq 2 728 468 avro məbləğində cərimə müsadirə olunacaq. Paris təmsilçisi ardıcıl 3 il ərzində bərabərlik indeksi üzrə qeyri-kafi göstəricilər nümayiş etdirib.
Klub rəsmiləri məsələyə bu cür aydınlıq gətirib: "Ən yüksək maaş alan 10 əməkdaş arasında qadınların payını əks etdirən göstərici peşəkar kişi futbolunun struktur xüsusiyyətləri ilə toqquşur. Futbolçulara edilən ödənişlər avtomatik olaraq gəlir siyahısının ən yüksək pillələrini tutur ki, bu da klubun işçi heyətinə yönəlmiş kadr siyasətindən asılı olmayaraq, həmin göstəriciyə təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".
Paris klubu həmçinin bu istiqamətdə sistemli iş aparıldığını və 2023-cü ildən etibarən müəyyən edilmiş öhdəliklərə tam əməl olunduğunu rəsmən bəyan edib.













