“Krasnodar”ın baş məşqçisi Murad Musayev komandasını tənqid edənlərə sərt cavab verib. Matc.az xəbər verir ki, mütəxəssis Rusiya Premyer Liqasının 14-cü turunda SSKA-ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bu barədə danışıb.

O, komandanın məğlubiyyətini arzulayan şəxslərin olduğunu bildirib:

“Çətin dövr idi. Amma məhz belə vaxtlarda komandanın daxilində və ətrafında kimin kim olduğunu görürsən. Sadiq azarkeşlərimizin bizdən üz döndərmədiyini və bu gün qələbəmizə böyük töhfə verdiyini gördük.

Pis insanların da kim olduğunu gördük. Məsələn, hansısa təlxək – keçmiş futbolçu var ki, yalnız bizim məğlubiyyətlərimizlə yaşayır. Bizim uduzmağımızı, mənim istefaya göndərilməyimi istəyirdi. Bu, onun üçün bal kimidir. Belə çətin vaxtlarda üzə çıxan yazıq insanlardır. Amma bizi hər şeyə baxmayaraq dəstəkləyən yaxşı insanların da olduğunu gördük.

Hələ heç nə bitməyib. Bu, sadəcə bir qələbədir. Qarşıda bizi çətin yol gözləyir. Amma bu gün sevinirik”.

Qeyd edək ki, bu qələbə ilə “Krasnodar” 7 oyunluq qələbəsiz seriyasına son qoyub. Komanda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Eyni xala malik SSKA isə 4-cüdür.

Xatırladaq ki, Murad Musayev 2021-2024-cü illərdə Azərbaycanın “Sabah” klubunu çalışdırıb. Onun rəhbərliyi altında Bakı təmsilçisi 2022/2023 mövsümündə Azərbaycan çempionatının gümüş medalını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest