Azərbaycan milli komandası növbəti matçında Andorra yığmasını 3:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Mütəxəssis qələbədən, gənc futbolçuların çıxışından və yığmanın inkişaf perspektivlərindən danışıb.

Abbasov bildirib ki, komandanın əsas məqsədi qələbə qazanmaqla yanaşı, Eminin milli komandadakı son oyununu da uğurlu nəticə ilə başa vurmasına şərait yaratmaq olub:

“İlk növbədə qalib gəlmək istəyirdik. Yoldaşlıq görüşü olsa belə, bu gün digər məqam Eminin son oyunu idi. İstəyirdik ki, Emin də yaxşı, parlaq oyunla milli komandadakı karyerasını başa vursun. Sevindirici məqamlar çox oldu. Bu gün gənclərə görə çox sevindim. Onlar özlərini yaxşı tərəfdən göstərə bildilər”.

Baş məşqçi komandanın ildən-ilə deyil, oyundan-oyuna inkişaf etdiyini düşündüyünü vurğulayıb. O, müdafiə xəttindəki göstəricilərin də üzərində işləməli olduqlarını qeyd edib.

Abbasov Lixtenşteynlə keçirilən görüşləri məşqçi kimi ən çətin qarşılaşmalar hesab etdiyini deyib. Onun sözlərinə görə, belə oyunlarda futbolçuları psixoloji cəhətdən hazırlamaq daha çətin olur.

Mütəxəssis Andorra ilə matçda debüt edən və qol vuran Eşqin Əhmədovun çıxışından da razı qalıb. O, “Qəbələ” klubunun gənc yerli futbolçulara şans verməsini yüksək qiymətləndirib.

“Eşqinə görə sevinirəm. O, U-21-də də mütəmadi oynayan futbolçudur. Əsas odur ki, "Qəbələ"də daim şans qazanır. Bu gün "Qəbələ"ni təbrik etmək lazımdır ki, yerli gənc futbolçulara imkan yaradır. Eşqin də bu gün "mən varam" dedi. İnanıram ki, gələcək toplanışlarda da həmin formasını qoruyacaq və millidə əsas heyət oyunçularından biri ola bilər”, – deyə baş məşqçi bildirib.

Milli Dirçəliş Günü ərəfəsində yığmanın hazırkı vəziyyətini də dəyərləndirən Ayxan Abbasov realist yanaşmanın vacibliyini vurğulayıb.

O bildirib ki, Azərbaycan millisi hazırda öz səviyyəsinə uyğun rəqiblərlə rəqabət aparmağı bacarır, lakin qol imkanlarından daha yaxşı yararlanmaq üzərində işləməlidir.

“Hardansa başlamalıydıq. Bizə indi aşağı yox, yuxarı getmək lazımdır, çünki ən aşağı düşmüşdük. İndi isə yavaş-yavaş yuxarı qalxmalıyıq”, – deyə Ayxan Abbasov fikirlərini yekunlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest