“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays London klubu ilə yeni beşillik müqavilə imzalamağa razılıq verib. Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində məlumat yayıb.
 
Məlumata görə, İngiltərə millisinin üzvü yeni müqavilə ilə daha sərfəli maliyyə şərtləri əldə edəcək. Raysın hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir və müqavilədə onun müddətinin daha bir mövsüm uzadılması ilə bağlı bənd də mövcuddur.
 
Deklan Rays cari mövsümdə “Arsenal”ın heyətində bütün turnirlərdə 15 oyunda meydana çıxıb və ümumilikdə 1232 dəqiqə oynayıb. O, bu göstərici ilə komandanın ən çox oyun vaxtı alan futbolçularından biridir.
 
Sahə oyunçuları arasında yalnız müdafiəçi Qabriel Maqalyaes Raysı qabaqlayır. Braziliyalı futbolçu cari mövsümdə 1395 dəqiqə meydanda olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest