"İlk oyunda 1:1 hesabı qeydə alındı. Bu da pis nəticə deyil". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un qapıçısı Qari Rocers deyib.

38 yaşlı qolkiper çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək cavab görüşü öncəsi təəssüratlarını bölüşüb. 43-cü avrokubok matçına hazırlaşan Rocers avrokuboku gənc oyunçular üçün şans hesab edir: "Bakıda qol vurmaq məcburiyyətindəyik. Bu, müdafiə olunmaqdan yaxşıdı. Avrokuboklarda səfər oyunları həyəcanverici olur. Ancaq "Qarabağ"la görüş daha fərqli olacaq. Hər kəs kimi, mən də "Oriel Park"dakından daha yaxşı çıxış etməliyəm. Avropa futbolunu hamı sevir. Burdakı çıxış İrlandiya çempionatındakı futbolçular üçün əla təcrübədi. Bu baxımdan güclü rəqibə qarşı oynamaq gözəldi. "Qarabağ" kimi güclü komanda ilə qarşılaşmaq adama zövq verir. Xüsusən də, Avropaya burdan yol açan gənclərə görə məmnunam".

İrlandiyalı veteran futbolçu uzaq səfər və fərqli iqlimin onlara problem yaratmayacağını düşünür: "Əvvəllər də fərqli saat qurşaqlarında oynamışıq, buna öyrəşmişik. Oyun yerli vaxtla saat 21:00-da başlayacaq. Yəni elə də isti olmayacaq. Hazırlıq planımızda heç bir dəyişiklik yoxdu. Yəqin ki, İrlandiya vaxtına sadiq qalacağıq. Yeganə fərq səhər saat 9-da yemək yeməyimizdi. Uyğunlaşma problemi olacağını zənn etmirəm. Evdə iki balaca uşağım olduğu üçün, onsuz da, düz-əməlli yuxu yatmıram. Uzaq səfərlər zamanı daha çox yata bilirəm. Burda çox darıxmayacağıq. Oyundan əvvəl bizi məşq gözləyir. Həmçinin uşaqlar görüşüb şəhəri gəzəcək, qəhvə içəcək və kart oynayacaqlar. Ancaq məsuliyyəti azaltmayacağıq. Bu istirahət də oyunöncəsi lazımlıdı".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest