“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının “Araz-Naxçıvan”la oyunundan (3:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis qələbəyə sevindiyini, lakin komandasının sonda qol buraxmasından narazı qaldığını bildirib.
“Qalib gəldiyimiz üçün sevinirəm. Futbolçulara dedim ki, “Araz-Naxçıvan” sonuncu pillədə olsa da, bu, onların yeri deyil. Nəzərə alaq ki, süni örtüklü meydançada oynayırdıq. Onlar burada daimi çıxış edirlər, biz isə yox. Buna görə bəzən topa nəzarətdə problemlər yaranır, futbolçular topu itirirdilər.
Məni məyus edən məqam sonda qol buraxmağımız oldu. Hazırda turnir cədvəlində elə mövqedəyik ki, belə qollar buraxmamalıyıq. Bu, mənim üçün sanki bal çəlləyinə acı bir şey qatmaq kimi oldu. Daha bir neçə qol vura bilərdik. Oyunu təhlil edəcək və nəticə çıxaracağıq.
Azarkeşlərimizə təşəkkür edirəm. Onlar hər zaman “Neftçi”nin yanındadırlar. Bu gün də bizə yüksək səviyyədə dəstək oldular”, – deyə Vernidub bildirib.
Baş məşqçi Klissmanın vurduğu qolları da dəyərləndirib: “Belə oyunda onun möhtəşəm qolları haqqında yalnız xoş sözlər demək olar. Məni sevindirən odur ki, bu, Klismanın 6-cı qoludur. Ondan gözləntimiz böyükdür”.
Vernidub növbəti turda “Zirə” ilə keçiriləcək qarşılaşma barədə də danışıb: “Bu oyunla bağlı “revanş” sözünü işlətməzdim. Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Əsas məqsədimiz budur. Rəqibin də eyni istəklə meydana çıxacağını düşünürəm. Bu oyunu səbirsizliklə gözləyirəm. İndidən nəsə demək istəmirəm. Gözləntim odur ki, yaxşı oynayacağıq və qalib gəlməyə çalışacağıq”.













