"Bakıda hər şey əla gedir. Otel yüksək səviyyədədi və yeməklər gözəldi". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un hücumçusu Ceymi Makqart deyib.

23 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında çempionlar Liqasının II təsnifat mərhələsində bu gün "Qarabağ"la keçiriləcək cavab görüşünü dəyərləndirib. öncə şəhər barədə xoş fikirlər səsləndirən Makqart isti havanın onlara problem yaratmayacağı qənaətindədi: "Bakı ətrafı gözəl olan sevimli şəhər kimi görünür. Gecə şəhəri gəzməyə çıxmışdıq. Həmçinin isti havaya öyrəşmək üçün gündüz vaxtı da çıxmışıq. ötən il Kiprə səfər edən zaman da Larnaka çox isti və rütubətli idi. Hazırkı heyətin çoxu həmin görüşdə iştirak edib. Düşünürəm ki, bundan bəhrələnə bilərik. Mövsümlərarası fasilədə İspaniyada isti hava şəraitində keçdiyimiz məşqlər də bizə xeyir verəcək".

İrlandiyanın gənclər millisinin sabiq üzvü ötən həftə Dandolkda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmaya da münasibət bildirib: "İlk görüş iki fərqli hissədən ibarət oldu. Buraxılan erkən qoldan sonra toparlanmaq üçün vaxt lazım oldu. Halbuki oyuna heç də pis başlamamışdıq. Kornerdən qol buraxmaq mənfi hal idi. Bilirik ki, bu, bir daha təkrarlanmayacaq. Təbii ki, qələbə qazanmaq istəyiriksə. Həmin gün bir çox şey öyrəndik. İkinci hissədəki çıxışımızdan məmnun qaldıq. Hətta qələbə də qazana bilərdik. Təkcə mənim 1 və ya 2 dəfə fərqlənmək imkanım oldu".

Makqart bugünkü oyundan müsbət nəticə ilə ayrılacaqlarına inanır: "Qarabağ" hücumda təhlükəlidi. Biz də ilk görüşün ikinci hissəsindəki performansı davam etdirmək istəyirik. Həmin mübarizə komandada özünəinamı daha da artırdı. Xüsusən də, son yarım saatda üzərlərinə getdiyimiz zaman "Qarabağ"ın futbolçuları nə edəcəklərini, bizi necə dayandıracaqlarını bilmirdilər. Şübhəsiz ki, bu dəfə daha çətin oyun olacaq. "Qarabağ" evdə oynadığından, topa daha çox sahib olacaqlarını düşünürlər. Bunu onlar üçün çətinləşdirməli və topu ələ keçirdiyimiz zaman onu özümüzdə saxlamalıyıq. Əgər bunu bacarsaq, yaxşı imkanlarımız yaranacaq. ümid edirəm ki, arzuladığımız nəticə ilə ayrılarıq".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest