çempionlar Liqasının III təsnifat mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq APOEL-in təxmini "11-liy"i müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Kipr mətbuatı yeni baş məşqçi Tomas Dollun meydana buraxacağı oyunçuların kimliyini yayıb.

Yerli KİV-in iddiasına görə, almaniyalı mütəxəssis sabiq baş məşqçi Paolo Trametsani kimi 3-5-2 deyil, 4-3-3 sxemindən yararlanacaq.

Belədə çərçivəni Vid Beleç qoruyacaq. Müdafiənin mərkəzində Kevin Lafrans və Giorqos Merkisin cütlük təşkil etməsi gözlənilir. Draqan Mixayloviçlə Nikolas İonnau müvafiq olaraq sağ və sol cinahda mübarizə aparacaq.

Savvas Gentsoğlu dayaq yarımmüdafiəçi funksiyasını yerinə yetirəcək. Onun yanında ya Lukas Souza, ya da Uroş Matiç yer alacaq. Tomaş De Vinsenti pleymeyker işini icra edəcək və hücumçuları topla təmin etmək vəzifəsini daşıyacaq.

Hücum "trio"su əcnəbilərdən təşkil olunacaq. Antonio Yakoliş sağ, Musa əl-Taamari sol cinahdan müdafiəçilərimizə çətin anlar yaşatmağa çalışacaq. Andriya Pavloviç isə hücumun sivri ucunda kiprlilərin əsas qol ümidi olacaq.

Həmkarlarımız Dollun alternativ variantının olduğunu da qeyd ediblər. Belə ki, APOEL qarşılaşmaya 4-4-2 taktikası ilə də çıxa bilər. Əgər belə olarsa, orta sahədəki futbolçulardan biri ixtisar olacaq və Linus Hallenius ön xətdə Pavloviçə tərəfdaşlıq edəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:30-da başlayacaq. Kiprdəki ilk qarşılaşmada təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest