APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu Kipr mətbuatına müsahibəsində çempionlar Liqasının III təsnifat mərhələsində sevimli komandasının "Qarabağ" üzərindəki qələbəsini dəyərləndirib. Matc.az saytının məlumatına görə, 1972-1986-cı illərdə Nikosiya klubunun şərəfini qorumuş 65 yaşlı mütəxəssis buna təəccüblənmədiyini söyləyib.

- APOEL-in "Qarabağ" üzərində qələbəsini nə ilə əlaqələndirmək olar?

- Yüksək keyfiyyətə malik və əla performans göstərən komandaya qalib gəlmək asan deyil. "Qarabağ"ın son illər Avropa arenasında özünəməxsus hekayəsi var. APOEL bu qalibiyyətlə Avropada ad çıxardı. Futbolçuların yaxşı qiymətə satılması təsadüfi deyil. Bu rəhbərlik perspektivli oyunçular gətirməyə cəsarət edir və onlara pul ödəyir.

- Sizcə, baş məşqçi dəyişikliyi üçün tələsik addım atılmışdı, yoxsa bu, tam vaxtında edilmişdi?

- Uğursuz nəticə baş məşqçi dəyişikliyinə səbəb oldu. Mənfi amil klubun uzun illər komandaya rəhbərlik edəcək məşqçini tapa bilməməsidi. Ancaq nəticə ürəkaçan olduqdan sonra haqlı olaraq dəyişikliyə əl atan rəhbərliyə heç nə deyə bilmirsən.

- Yeni baş məşqçi Tomas Dollun komandasını bəyəndinizmi?

- Doll bəzi düzəldici həmlələr etdi. Nəticədə komanda bərabər səviyyəli rəqiblə başabaş mübarizə aparmağı bacardı. Şəxsən mən APOEL-in "Qarabağ"dan üstün olduğunu düşünürəm. Onları bəsit və məntiqli hərəkətlərlə məğlub etməyimiz təsadüf deyil.

- Pley-off mərhələsindəki rəqib "Ayaks" önündə nəyə ümid etmək olar?

- "Ayaks" başqa sürət komandasıdı. APOEL yeni çalışdırıcı ilə bir müddət qələbə qazanacaq. Yaxşı təşkilatlanmış APOEL niyə də növbəti mərhələni keçməsin? Hazırkı heyəti 2011-12 mövsümündəki komandanın keyfiyyəti ilə müqayisə etmək olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest