99-cu ilin payızı. AFFA-nın qərargahı o vaxt Hüsü Hacıyev küçəsində yerləşirdi. Futbol "zəhmətkeşləri"  - "Azneftyağ" İstehsalat Birliyinin işçiləri həftə səkkiz mən doqquz assosiasiyanın qarşısına toplaşıb, hazırda haqq dünyasında olan AFFA-nın sabiq prezidenti Fuad Musayevi istefaya səsləyirdilər. Zavod işçiləri arasında olmasa da, fərdi şəkildə assosiasiyaya qarşı çıxanlar arasında veteran futbolçu İsgəndər Cavadov da vardı.   

Həmin vaxt işlədiyim qəzetdə redaktorumuz Səbuhi Məmmədli AFFA-nın baş katibi çingiz İsmayılovdan müsahibə götürməyi tapşırmışdı. çingiz bəy Cavadovun AFFA-ya qarşı çıxması ilə bağlı suala təxminən belə cavab vermişdi: "İsgəndər ancaq şəxsi maraqları üçün yaşayan biridi. Moldovada "Nistru"nun heyətində "Neftçi"yə qol vurandan sonra bizə qarşı əl-qolu ilə idmançıya yaraşmayan qeyri-etik jestlər edirdi və onun bu hərəkəti ən azından sabiq komandasına qarşı çox böyük hörmətsizlik sayılırdı. Cavadovun illərdi formasını geyindiyi, tanındığı "Neftçi"yə qarşı belə kobud münasibəti yolverilməz idi".

Zaman keçdi, həmin Cavadov illərdi həsrətində olduğu arzusuna qovuşdu və AFFA-da vəzifə tutdu. özü də bir neçəsini. İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti, Gəncə futbolunun kuratoru və sairə və ilaxır... Bu saydıqlarımız AFFA-da müxtəlif işləri icra edən şəxslər deyil, harda vakant yer gördü mənimsəyən İsgəndər bəyin vəzifələrindən bir neçəsidi.

Düz 20 ildi AFFA prezidenti olmağa can atan, lakin buna nail olmayıb qurumun çətiri altına sığınan Cavadov illərdi AFFA-nın çörəyini yeyib, yatanlardandı. "Tənbəl"in dediyi kimi: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

İcraiyyə Komitəsində boş yer doldurmağa adət edən İsgəndər bəyi Regional Futbol Federasiyasının prezidenti təyin etdilər, hər cür söz haqqı verdilər ki, bölgələrdə dirçəliş yaratsın. Amma onun gəlişindən sonra futbol olan bəzi regionlar da məhvə sürükləndi. Assosiasiya son olaraq Cavadova Gəncə futbolunun kuratoru vəzifəsini həvalə etdi. Gəncədə veteranlara görüşündə tənqidi fikirlər səsləndirən keçmiş futbolçu "25 ildi nə futbolçu, nə də məşqçi yetişdirə bilirik" söyləyib.

Adətən, bu sözləri deyən hər hansı bir vəzifə sahibinin növbəti cümləsi istefa vermək olmalıdı. Axı adamdan soruşmaq lazımdı ki, 25 ildi heç nəyi bacarmamısansa, vəzifələri bir-bir niyə adının ətrafına toplayıb, heç kimi yaxına buraxmırsan?

Cavadov və onun kimi əksər həmyaşıdları indiki futbolçularla müqayisə olunmağı özlərinə hörmətsizlik hesab edirlər. Yəqin ki, 63 yaşlı futbol funksioneri də "yaxşı futbolçu və məşqçi yetişmir" deməklə, buna işarə vurub. Bəli, Cavadov dövrünün normal futbolçularından olub. Amma Azərbaycan səviyyəsinə görə. Bəlkə SSRİ çempionatlarında qızıl medalları sıralayıb, avrokuboklarda uğurlar əldə edib, biz bilmirik?

Onun futbolçu saymadığı Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Mahir Emreli illərdi azarkeşləri avrokuboklardakı çıxışları ilə sevindirir, bəyənmədiyi Qurban Qurbanov Azərbaycan futbolunun tarixini dəyişib. Cavadovun bu sözləri ilk növbədə məhz həmin şəxslərə hörmətsizlikdi. Bu həmin kəslərdi ki, vaxtilə hətta üçüncü təsnifat mərhələsini əlçatmaz sayan Cavadov və onun kimi veteranlara Bakıda çempionlar Liqasının, Avropa Liqasının qrup matçlarını izləmək imkanı yaradıb.

Biz "Azərbaycan futbolunda hər şey əladı" demirik. Bəli, futbolumuz son dövrlər zəifləyib, xüsusən də, regionlarda işlər düzgün qurulmur. Buna da birbaşa cavabdeh olan şəxslərdən birincisi məhz elə İsgəndər bəydi.

Cənab Cavadov, əgər bölgələrdəki şəriştəsiz fəaliyyətinizi nəzərdə tutursunuzsa, bəli, bacarmadınız. İmkan verin, sizin tutduğunuz 3 vəzifədə bu işi bacaran 3 mütəxəssis çalışsın!

İxtiyar ƏSGƏROV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest