"Real"ın və Belçika millisinin ulduz qapıçısı Tibo Kurtua karyerasını nə vaxt bitirməyi planlaşdırdığını və bundan sonra nə ilə məşğul olacağını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.
Bildirilir ki, təcrübəli qolkiper gələcək planları barədə danışarkən bunları deyib:
"Karyeramı bitirdikdən sonra nə edəcəyimə hələ qərar verməmişəm, lakin əsas komandanın baş məşqçisi olmaq istədiyimə qətiyyən əmin deyiləm. İdarə edilməli olan bu qədər futbolçu ilə həqiqətən çox tez qocalırsan. Bəlkə də "Real"ın qapıçı sektorunda çalışmaq, yeni bir Tibo Kurtuanı pulla almaq əvəzinə, onun yetişdirilməsi üçün ən yüksək səviyyəli akademiya yaratmaq istərdim.
Lakin hazırda mən daha 5-6 il oynamaq istəyirəm. Məqsədim bədənim və motivasiyam imkan verdiyi müddətcə bu rəngləri qorumağa davam etməkdir", - deyə təcrübəli qolkiper açqılamasında bildirib.
Qeyd edək ki, sentyabrın əvvəlində Kurtuanın Belçika millisindəki karyerasını müvəqqəti dayandırdığı və bu payız Millətlər Liqasında oynamayacağı barədə məlumat yayılmışdı.













