Dünən çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib. Matc.az saytının məlumatına görə, bir neçə sürpriz nəticə yaşanıb.

"Real" doğma arenasında 1 xala sevinibsə, "Tottenhem" azarkeşlərinin gözü önündə "Bavariya"ya qarşı darmadağın olub. Digər nəhənglərdən "Yuventus"la "Mançester Siti" öz meydanında, "Atletiko" ilə PSJ isə səfərdə qələbə qazanıb.

Adıçəkilən komandaların baş məşqçiləri qarşılaşmalardan sonra fikirlərini bölüşüb...

Niko Kovaç ("Bavariya"nın baş məşqçisi): "Şübhəsiz ki, heç kim belə nəticə haqda xəyal belə etmirdi. Bizi burda nə gözlədiyini bilirdik. Oyun gərgin keçdi, "Tottenham" bizə çox təzyiq etdi. Əvvəlcə aqressivliyimiz yox idi. İngiltərədə oynayanda əvvəlcə həyatda qalmağı bacarmalısan. Ancaq 30-cu dəqiqədən etibarən komandamız son dərəcə yaxşı çıxış etdi. Fasilədən əvvəl vurduğumuz ikinci qol çox vacib idi. İkinci hissəni təsəvvür etdiyim kimi keçirdik. Bu, Almaniya futbolunun ən yüksək zirvəsi idi. Amma sabah yenidən Bundesliqaya diqqət yetirməliyik. Bu il böyük çətinliklərlə üzləşirik, çox şeyə nail olmaq istəyirik".

Mauritsio Poçettino ("Tottenhem"in baş məşqçisi): Belə bir məğlubiyyəti həzm etmək çətindi. Ancaq rəqibin bu cür bacarığı varsa və imkanlardan bu dərəcədə yaxşı istifadə edirsə... Əlbəttə ki, məyusuq, amma birlikdə olmalı və güclü qalmalıyıq. Futbolda nəticə bu gün göstərilməlidi. üç ay əvvəl nəyə nail olmağınız önəmli deyil".

Zinəddin Zidan ("Real"ın baş məşqçisi): "Buraxdığımız ilk qol gülməli idi. Zəif başlanğıc etdik, rəqibin güclü nöqtələrində cəmləşmədik. Matçın nəticəsi pis olsa da, futbolçular vəziyyətə yaxşı cavab verdilər. İlk hissənin nəticəsindən məmnun qala bilmərəm. Komanda heç vaxt görüşün 45 dəqiqəsini belə biabırçı keçirməmişdi, amma oyunçuların reaksiyası məni ruhlandırdı. Qələbə qazanmaq imkanımız da oldu. Yenə də bir xal aldığımıza sevinirəm. Bəli, mövqeyimizi pisləşdirdik, amma mübarizəni davam etdirəcəyik".

Tomas Tuxel (PSJ-nin baş məşqçisi): "İnadkar oyun oldu, ancaq qələbə qazanmağa layiq idik. "Qalatasaray" cəsarətlə və inamla oynadı. İlk 20 dəqiqədə 1-2 qol şansını qaçırdıq. Komanda ümumilikdə əla təsir bağışladı. Uşaqlar bir-biri üçün vuruşdular ki, biz bundan çox məmnunuq. Xüsusən də, yarımmüdafiəçilər çox yaxşı idilər. Qeye-Markinyoş-Verratti "trio"su komandaya düzgün tarazlıq, lazımlı iddialılıq verir, eyni zamanda etibarlıdılar".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Maraqlı oyun alındı, lakin ən yaxşısı deyildi. İlk hissə bərabər səviyyədə keçdi, ikinci yarıda daha aqressiv hərəkət etdik. Bu oyunu "Lokomotiv"in əvvəlki matçı ilə müqayisə etmək çətindi. "Atletiko" həmişə yeni şeylər öyrənməli, inkişaf etməlidi. Düşünürəm ki, bu oyun düşünmək üçün çox lazımdı oldu".

Mauritsio Sarri ("Yuventus"un baş məşqçisi): "Bayer" topa hakim olmağı çox sevdiyindən, çətin matç oldu. Bu rəqiblə asan deyildi, buna görə də rəqib ilk hissədə çox güc sərf etdi. Fasilədən sonra "Bayer" oyunçuları bir az yavaş hərəkət etməyə başladılar və nəzarəti ələ keçirdik. Kuadrado müdafiənin sağ cinahında irəliləyir və hamımız bundan faydalanırıq. Müdafiəçilərimiz yaxşı hərəkət etdilər, baxmayaraq ki, daha yaxşısını edə bilərik".

Pep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "Rəqib təkbətək mübarizələrdə yaxşı müdafiə olundu və aqressiv idi. Cərimə meydançasında 10 nəfər var idi, oynamaq istəmirdilər. Ancaq səbr etdik, şansımızı gözlədik. Sonda qol vurmaq imkanı yarandı və bundan istifadə etdik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest