"Dünyanın istənilən komandası Beylsiz Uels yığmasına qarşı oynamaq istəyər. O və Aaron Remsi bizim üçün önəmli futbolçulardı". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının müdafiəçisi Ben Deyvis deyib.

"Tottenhem"in sol cinah oyunçusu AVRO-2020-nin seçmə mərhələsinin son oyunları öncəsi yerli mətbuata açıqlama verib. 26 yaşlı futbolçu final mərhələsinə vəsiqə qazanacaqlarına inanır.

O, bunun üçün səbrli olmağın vacibliyini vurğulayıb: "Heyətdə AVRO-2016-da etdiklərimizi təkrarlamaq istəyən, ac və istedadlı gənlər var. Azarkeşlərin bizdən böyük gözləntilərinin olduğunu bilirik. Sakit, təmkinli qalmaq lazımdı. İlk növbədə Bakıda Azərbaycana qalib gəlməliyik. Daha sonra Macarıstanı məğlub edərək, final mərhələsinə adlayacağımıza inanıram. İndiki məqamda əsəbi olmağın heç bir mənası yoxdu. Bu oyunlarda erkən qol vurmağa çalışsaq və tələssək, komandada əsəbilik yarana bilər. Bizim üçün qolun 1-ci və ya 90-cı dəqiqədə vurulmasının fərqi yoxdu. Plana uyğun davranmaq və səbrli olmaq lazımdı. Hamımız ilk növbədə şənbə günkü oyunu düşünürük. Çünki Azərbaycana qalib gəlməsək, Macarıstanla matçın önəmi qalmayacaq".

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq. Britaniyalılar bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest