"Bavariya"nın 2026-cı ilin "Qızıl top" mükafatına iddialı olan hücumçusu Harri Keyn gücünü Milli Futbol Liqasında (NFL) sınamağın əleyhinə deyil.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, ingiltərəli futbolçu gələcəkdə MLS-dəki çıxışları ilə NFL oyunlarında kiker (yerindən topa zərbə vurma mütəxəssisi) rolunu birləşdirə biləcəyini ehtimal edib.
"Hər şey növbəti 5-6 il ərzində karyeramda nə baş verəcəyindən, motivasiyamdan və nə istəyəcəyimdən asılıdır. NFL qolfdan daha realdır", – deyə Keyn bildirib.
İngiltərə millisinin lideri artıq çoxdandır ki, Amerika futbolu ilə maraqlanır və bu idman növündə kiker rolunun öhdəsindən yaxşı gələ biləcəyini düşünür. Harri Amerika futboluna uyğunlaşmaq üçün ona 6 aydan 1 ilə qədər vaxt lazım olacağını ehtimal edib.
"Mən penaltiləri yerinə yetirirəm, bu isə təzyiq və texnika baxımından çox oxşardır. Lakin bütün elit idman növləri televizorda baxanda sadə görünür. Əgər sınasam, buna ciddi yanaşacağam", – deyə 33 yaşlı hücumçu qeyd edib.
Keynin "Bavariya" ilə 30 iyun 2027-ci ilə qədər qüvvədə olan müqaviləsi var. Bu yaxınlarda ingiltərəli futbolçu Bundesliqa rekordu vurub. Harri 100 qol həddini ən tez keçən oyunçu olub. Onun hesabında artıq 98 oyunda 101 qol var.
Xatırladaq ki, Münhen klubunun forvardı nominantları sentyabrın 8-də müəyyənləşən 2026-cı ilin "Qızıl top" uğrunda mübarizədə əsas favoritlərdən biridir. Mükafatlandırma mərasimi 2026-cı il oktyabrın 26-da Londonda baş tutacaq.













