Polşanın dördüncü divizionunda çıxış edən "Kaniya Qostın" klubunun müdafiəçisi Oskar Kordus avtomobil qəzası nəticəsində aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Matc.az xəbər verir ki, bu barədə "Gostyn24" nəşri əlavə məlumat yayıb.

Bildirilir ki, "Volkswagen" markalı avtomobilin sürücüsü yolu qaçaraq keçən maralı vurub. Güclü zərbədən qarşı zolağa fırlanan heyvan Kordusun idarə etdiyi "BMW" markalı maşının ön şüşəsindən içəri girib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və gənc futbolçu ağır xəsarətlər alıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər və həkimlər onun ürək fəaliyyətini bərpa edə bilsələr də, helikopterlə Poznandakı xəstəxanaya çatdırılan 20 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb. Qəzanın digər iştirakçısı olan sürücü isə xəsarət almayıb.

Qeyd edək ki, Oskar Kordus cari mövsümün əvvəlində "Korona Pyaski" klubundan "Kaniya Qostın"a transfer olunmuşdu. Hadisə ilə bağlı başsağlığı yayımlayan "Kaniya Qostın" klubu Polşa çempionatının dördüncü divizionunda "Poloniya Xojej"ə qarşı keçirilməsi planlaşdırılan növbəti matçını təxirə salıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest