İtalyan futbol məşqçisi Fabrisyo Qalasso 49 yaşında yuxuda dünyasını dəyişib.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, ölüm anında Qalasso D Seriyasında çıxış edən "Viterbeze" klubunun baş məşqçisinin köməkçisi idi. Mütəxəssisin vəfat etdiyini ilk olaraq "Viterbeze"nin baş məşqçisi Andrea Bussone və mərhumun yaxın dostlarından biri aşkar ediblər.
Onlar dərhal təcili tibbi yardım çağırsalar da, həkimlər məşqçinin həyatını xilas edə bilməyiblər. Qəfil ölümün səbəbləri araşdırılır. Çox güman ki, Qalasso yuxuda ürəktutması keçirib.
Məşqçi doğulduğu şəhər olan Romada vəfat edib. O, əvvəllər qadınlardan ibarət "Roma" komandasının baş məşqçisi olub.
Qeyd edək ki, 2018-ci ilin martında "Fiorentina"nın kapitanı Davide Astori də yuxuda dünyasını dəyişmişdi. Bundan sonra İtaliyada kardioloji problemləri olan şəxslərin peşəkar idmanla məşğul olmasına icazə verilməsi ilə bağlı qanunvericilik sərtləşdirilib.
Xüsusilə, kardiostimulyatoru olan futbolçuların İtaliya klublarında oynaması qadağan edilib. Bu səbəbdən AVRO-2020-dən sonra Kristian Eriksen "İnter"i tərk etmək məcburiyyətində qalmışdı və o, bu günlərdə "Volfsburq" ilə müqaviləsinə xitam verib.













