"Neftçi" ötən ilin yayında komandadan göndərdiyi Lukas Qomeslə bağlı məsələdə onun meneceri Kamil Məmmədovu da aldadıb. Paytaxt klubu futbolçuya ödəniləcək məbləğin 10 faizini agentə verməli olduğu halda, ona cəmi 5 faiz pul ödənilib. Bundan sonra klub rəhbərliyi ilə Məmmədov arasında münasibətlər pozulub. Hətta bu, sonradan mübahisəyə də çevrilib.

Bizdə olan digər məlumata görə, "Neftçi" Qomesin müqaviləsinə birtərəfli şəkildə xitam verib. Klubun həmin vaxt yaydığı açıqlamada "qarşılıqlı razılıq əsasında" ifadəsi isə ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. çünki legioner futbolçu "Neftçi"nin həmin təklifi ilə razılaşmayıb. Belə olmasaydı, "ağ-qaralar"dan pulunu ala bilməyən futbolçu FİFA-ya şikayət etməzdi.

Maraqlıdı ki, şikayətdən sonra "Neftçi" rəhbərliyi yenidən Kamil Məmmədovla əlaqə yaradaraq, cənubi amerikalını fikrindən daşındırması üçün kömək istəyib. Menecer isə ona "pul atan" Kamran Quliyevə "yox" cavabı verib.

Məsələ ilə bağlı Məmmədovun özü ilə əlaqə saxladıq. Menecer məlumatı nə təsdiq, nə də təkzib etdi: "Borcun məbləği ilə bağlı konkret nəsə deyə bilmərəm. Amma Qomezin FİFA-ya müraciət etdiyini 100 faiz bilirəm. Həmin vaxt komandada olan 3 futbolçu - Kampaz, Qarsiya və Qomesə xitam təklif etmişdilər. İkisi razılaşdı, Qomes razılaşmadı.

Dekabr ayına qədər müqaviləsi var idi. Onu əvəzedici heyətə göndərdilər. Futbolçu isə dedi ki, ikinci komandada oynamayacam və "Neftçi"ni tərk etdi. Daha sonra öz haqqını tələb etmək üçün FİFA-ya müraciət etdi. Hazırda iş gedir. Amma nə yerdə olduğunu bilmirəm.

O ki qaldı klubun mənə borcu olub-olmamığına, bu məsələ haqda danışmaq istəmirəm". sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest