çempionlar Liqasında qrup mərhələsinin V turuna yekun vuruldu. Matc.az saytının məlumatına görə, dünən E, F, G və H qruplarında oyunlar keçirilib.

"çelsi" "Valensiya" ilə (2:2), "Napoli" "Liverpul"la (1:1) səfərdə bərabərə qalıb. "Leypsiq" öz meydanında "Benfika" ilə heç-heçə edib. "Barselona" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sına (3:1), "Zalsburq" isə səfərdə "Genk"ə (4:1) qalib gəlib.

Oyunlardan sonra adıçəkilən komandaların baş məşqçiləri fikilərini bölüşüblər.

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Yaxşı oynamadıq, amma rəqibə təzyiq edə bildik. İlk hissənin son 15 dəqiqəsindən məmnun qalmadım. İkinci yarı da asan olmadı. Daim onlara təzyiq göstərmək məcburiyyətində qaldıq, "Napoli" isə işinin öhdəsindən gəldi. Cəmi 1-2 qol imkanımız oldu. Təbii ki, bu, kifayət deyil. Pley-offa vəsiqəni təmin etmək istəyirdik. "Napoli" bizə qarşı sanki döyüşə hazırlaşmışdı. Dəli motivasiya ilə meydana çıxdılar. Yenə də hər şey öz əlimizdədi. Son turda Zalsburqa qələbə dalınca gedəcəyik. Bu gün qalib gəlsəydik belə, Avstriyaya eyni məqsədlə yollanacaqdıq. Bizim vəzifəmiz eynidi, heç bir dəyişiklik yoxdu".

Karlo Ançelotti ("Napoli"nin baş məşqçisi): "Nəticəni müsbət saymaq olar. Burda heç-heçə etmək asan deyil. Oyundan heç bir halda qopmadıq. Dərin müdafiə olunduq. Müsbət nəticəyə ümid edirsinizsə, "Liverpul"la oynamağın yeganə yolu budu. İndi qrupdakı vəziyyət bizim üçün idealdı".

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Fikrimcə, ən güclü qrupa düşmüşdük və pley-off mərhələsinə irəliləməyi bacardıq. Qrup birinciliyini təmin etdik və artıq gözləyəcəyik. Messi ilə Qrizmann arasındakı münasibətlərdən çox danışılır. Ulduz futbolçular həmişə eyni yola davam edir. Zaman keçdikcə bir-birilərini daha yaxşı başa düşəcəklər. Messinin bu matçdakı çıxışı haqda heç nə deməyə ehtiyac yoxdu. O, hər kəsi təəccübləndirməkdə davam edir. Leo həmişəki oyununu göstərdi".

Lusyen Favr ("Borussiya"nın baş məşqçisi): "Burda oynamaq çətindi. Rəqibin heyətində matçın nəticəsini təyin edə biləcək çox sayda oyunçu var. Son 20 dəqiqəni yaxşı keçirdik, ikinci qolu da vura bilərdik. Müdafiəçilərimiz Messi və Suaresə qarşı tək qaldılar. Belə vəziyyətdə onları dayandırmaq çətindi. Ağır dövr keçiririk. Amma hər şeyi yaxşıya doğru dəyişə bilərik".

Yulian Naqelsmann ("Leypsiq"in baş məşqçisi): "İlk hissədə yaxşı oynadıq, çox qol imkanlarımız oldu. Əvvəlki görüşlərdən fərqli, bu dəfə ələ düşən şansları dəyərləndirə bilmədik. özümüzdə güc tapıb son dəqiqələrdə bərabərlik qolunu vurduq. Düşünürəm ki, "Leypsiq" pley-offa çıxmağa layiqdi. Bəzi oyunçular üçün bir xəyal gerçəkləşdi. İndi məqsədimiz qrup birinciliyidi".

Frenk Lempard ("çelsi"nin baş məşqçisi): "Nə qalib gəldik, nə də uduzduq. Açığı, burda oynamaq asan deyil. Hər şey hələ də öz əlimizdədi, vəziyyətdən məmnun olmalıyıq. Müəyyən məqamlarda bu cür matçlarda daha etibarlı davranmalıyıq. Ancaq oyuna nəzarəti itirdiyin zaman çətin olur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest