"Konkret hədəfimiz oyundan-oyuna inkişaf etmək, yaxşı nəticə qazanmaqdır. Qarşımızda bir hədəf yoxdur ki, məsələn, 10 oyun ardıcıl qalib gələk"
"Sabah"ın qapıçısı Dmitro Bezrukun müsahibəsi
- Son turda "Neftçi"yə böyük hesablı məğlubiyyəti necə izah edərdin?
- "Neftçi" ilə matça yalnız qələbə qazanmaq fikri ilə çıxmışdıq. Lakin erkən qol buraxdığımız üçün bütün planlarımız pozuldu. Ona görə də böyük hesabla uduzduq.
- Komanda qış fasiləsindən sonra pis irəliləmirdi. Nə baş verdi ki, bir matçda 4 qol buraxdınız?
- Düşünmürəm ki, komandada nəsə baş verib. Sadəcə, belə məğlubiyyətlər bəzən olur.
- Səncə, bu komandada eniş yarada bilər?
- Futbolda enişlər, yüksəlişlər olur. İnanıram ki, qarşıdakı matçlarda yaxşı şeylər olacaq. Enişlərlə üzləşməyəcəyik. Hədəfimizə doğru irəliləyə biləcəyik.
- Buraxılan qollarda özünü günahkar sayırsan?
- Vəziyyətlə əlaqədar start heyətində meydana çıxdım. Oyunda çıxışıma gəlincə, aşağı səviyyədə oynadım. Fikrimcə, bu, mənim səviyyəm deyildi. özümü daha yaxşı tərəfdən göstərə bilərdim.
- Oyun təcrübəsinin az olması özünü göstərdi?
- Qapıçılar üçün təcrübə olmadan meydana çıxmaq çox çətindir. Bu, özünü göstərir. Hazırkı vəziyyətdə reallıq budur.
- Növbəti qarşılaşmalara motivasiya olmaq çətin deyil?
- Biz bu oyunu təhlil etdik. Bütün yaxşı və pis məqamları özümüz üçün analiz etdik. Artıq hər şeyi unutmuşuq və gələcəkdəki qarşılaşmalara köklənirik.
- "Keşlə" ilə matça hazırsız?
- Sözsüz ki, "Keşlə" çox yaxşı komandadır. Keyfiyyətli futbolçulara malikdirlər. Lakin bizim üçün yalnız öz oyunumuz maraqlıdır və meydana qələbə üçün çıxırıq.
- Hədəfinizə çatmaq mümkün olacaq?
- Konkret hədəfimiz oyundan-oyuna inkişaf etmək, yaxşı nəticə qazanmaqdır. Qarşımızda bir hədəf yoxdur ki, məsələn, 10 oyun ardıcıl qalib gələk. futbolinfo.az