"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan "Qarabağ"la Avroliqanın qrup matçı üçün Bakıya gəlməyəcək. Matç.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın "The Sun" nəşri məlumat yayıb.

ESPN media qurumu isə bildirib ki, erməni futbolçu Azərbaycana səfərlə əlaqədar xüsusi müraciət etməyib: "O özü müraciət edə bilərdi, lakin ailəsi təhlükəsizlik məsələsini əsas gətirərək buna qarşı çıxıb".

ESPN-in jurnalist Mattias Karen özünün Tvitter səhifəsində yazıb: "Mənə verilən xəbərə görə, Mxitaryan Bakıya səfər etməyəcək. Bu, futbolçunun Ermənistanla Azərbaycan arasındakı münaqişəyə görə öz seçimidi. Əgər "Arsenal" Bakıda keçiriləcək Avropa Liqasının finalına vəsiqə qazansa, bu məsələ yenidən müzakirə olunacaq".

Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" – "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. London klubunun Azərbaycana oktyabrın 3-ü gələcəyi gözlənilir.

Xatırladaq ki, Henrix Mxitaryan 2015-ci ildə, hələ Dortmuns "Borussiya"sında çıxış edərkən də Avropa Liqasında "Qəbələ" ilə Bakıda keçirilən oyuna gəlməmişdi. O zaman klub futbolçunun təhlükəsizliyi səbəbindən belə bir addım atdığını açıqlamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest