Tərlan Əhmədov avqustda gözləmədiyi şoku yaşadı. Həvəslə Avropa Liqasına hazırladığı "Keşlə" qəflətən ondan imtina etdi. Aylardı avrokubokda debüt həvəsiylə işləyən baş məşqçi topladığı, hazırlıq keçdiyi futbolçulardan bir anda kənar qaldı. Klub rəhbərliyi yeni mövsümün startına 12 gün qalmış Əhmədovla müqaviləni uzatmamağı qərara aldı. Əvvəlki klubu "Neftçi"də olduğu kimi, Tərlan bəy yenə 3-cü yeri tutduğu mövsümün sonunda bu aqibəti yaşadı.

Səbəb bugünədək bilinmir. Nə klub, nə də məşqçi açıqlama verməyi lazım saymayıb. Sirr pərdəsini aralamaq üçün nəhayət, Əhmədovu danışdırdıq. Onun izahatının nə qədər inandırıcı olduğunu oxucular müəyyən edəcək.  

 - ötən mövsümün sonunda Premyer Liqanın yarımçıq dayandırılmasının təşəbbüskarlarından idiz. Və siz istəyən oldu. O vaxt "Keşlə"nin avrokuboklarda iştiraka imkan verən yerdə qərarlaşmasını əsas götürərək, istəyinizi çoxları birmənalı qarşılamadı. İndi kənardasız və fikriniz maraqlıdı – indi o zamanla müqayisədə vəziyyət daha pisdi, futbolçular arasında koronavirusa yoluxanlar çoxalıb. İndi də pandemiyaya görə çempionat dayanmalıdı?

- Yox, dayanmamalıdı. O vaxt bir çox ölkələrdə yarış dayandırılmışdı. Bəziləri davam etmək istədi, amma sonra hamısı dayandı.

- Razılaşmayacam. Böyük əksəriyyət sonadək çempionatı keçirdi, bizim kimi yarımçıq saxlayanlar çox az oldu…

– Düzü, o vaxt çox qorxutdular. Hamının ailəsi var, ehtiyatlanırdıq. İndi isə dayandıran demək olar, yoxdu. Hamı anlayır ki, virusla yanaşı yaşamalıyıq. Ona görə hətta sərt karantin rejimi də vəziyyəti dəyişməyəcək. Deyəsən, hamı yoluxmağa məhkumdu. İmkan daxilində qorunmalı və virusla yanaşı yaşamağa öyrəşməliyik. Qışa kimi qalan 3 turu keçirmək lazımdı, sonra necə olacağına baxarıq.

- çempionatı izlədiyiniz dəqiqdi. "Keşlə" necə görünür?

- Artıq o komandada deyiləm, amma bu, fikir bildirməyimə mane olmur. Əvvəlki mövsümdə sonuncu yeri tutduğumuzdan, keçən çempionat üçün ciddi islahat apardıq. 16 futbolçunu göndərdik, yeni komanda qurduq. Məncə, düzgün işlədik ki, sonda 3-cü yeri tutduq. Ardınca yayda heyəti daha da gücləndirdik, çatışmazlıqları aradan qaldırdıq. Dəyişikliklər avrokubokda ən azı bir mərhələ adlamağa və cari mövsümdə əvvəlkindən yaxşı çıxış etməyə hesablanmışdı. Hazırlığımız, heyətimiz məqsədə çatmaq üçün yetərli idi.

– Amma heç biri olmadı.

– Təbii. O heyət daha yaxşısını bacarmalıdı. Amma "Keşlə"nin çıxışı qənaətbəxş deyil. Avropa Liqasında uğursuzluq oldu, çempionatda da işlər yaxşı getmir. Səbəbini bilmirəm, lakin potensial böyük idi.

– İşinizə davam etsəydiz, komanda hansı yerdə olardı?

– Komanda ötənilki heyətdən dəfələrlə güclüdü. Yeni qurulan, heyəti indiki qədər güclü olmayan komanda ilə daim liderlər qrupunda qərarlaşdıqsa, sonda bürünc medal qazandıqsa, deməli, bu heyətlə daha yaxşı vəziyyətdə olardıq.

– Xələfiniz Yunis Hüseynov bu sözləri dilinə gətirməyib, amma deyə bilər ki, hazırkı "Keşlə" onun komandası deyil, Tərlan Əhmədov yığıb, hazırlayıb. Bir sözlə, uğursuz nəticələrdə siz səbəbkar sayıla bilərsiz.

– Hər məşqçinin öz fikri, baxışı ola bilər. Hüseynov baş məşqçi postuna gələrkən hazırlığa, heyəti formalaşdırmağa vaxt var idi. Eyni zamanda yaxşı, hazır komanda qoyub getdiyimi düşünürəm.

– Sizin vaxtınızda heyətə götürülən, sizin seçdiyinz oyunçulardan bir neçəsi indidən komandadan göndərilib. Şahrux Qadoyevdən, iki braziliyalıdan mövsümün gedişində imtina olunması sizin seleksiya işinizin düzgün olmamasına işarə sayılmalı deyilmi?

-Həm bu futbolçular, həm də Cavid İmamverdiyev komandada qalmağa layiq idi. Qadoyev də ötən mövsüm özünü sübut etdi. Braziliyalılara gəlincə, Tərlanın nəsə deməsinə gərək yoxdu, Ukrayna çempionatında necə oynadıqları göz önündədi. "Keşlə"yə çox xeyir verəcəkdilər. Sadəcə, düzgün hazırlamaq, oynatmaq lazım idi. Komanda ümumiyyətlə, zəif çıxış edirsə, əksər futbolçular imkanlarından aşağı səviyyədə oynayırsa, deməli, günahkar 1-2 futbolçu deyil. Səbəbi başqa yerdə axtarmaq lazımdı.

– Məşqçidə?

– Bilmirəm. Dəqiq olan bu heyətin ötənilkindən qat-qat yaxşı olduğu faktıdı.

– Deməli, Yunis Hüseynov qışda komandanı yeniləyəcək…

– özləri bilər. Bu futbolçular göndərilirsə, deməli, onları əvəzləyənlər olacaq.

– Heç olmasa, indi "Keşlə"dən qəfil gedişinizin səbəbini açıqlaya bilərsiz?

– Bilsəydim, deyərdim. Peşəkaram, ömrüm futbolda keçib. Futbolçu kimi də belə olmuşam, məşqçi kimi də. Amma nə "Neftçi"dən, nə də "Keşlə"dən ayrılmağımın, mənimlə niyə davam etməmələrinin səbəbini bilirəm. Martın 13-də çempionat dayandı, iyula kimi fasilə olub. Sonra hazırlıq başlayıb, yeni komanda formalaşdırmışam, 2 toplanış təşkil etmişik, yeni futbolçular gətirmişik. Və bu müddətdə mənə bir söz deyən olmayıb. Avqustun 6-7-də bazada olmuşam. Toplanışın Bakı mərhələsi başlayırdı və komanda avrokuboklara son hazırlığa start verirdi.

– Və ayın 8-də məlum  oldu ki…

– …Xəbər gəldi ki, mənimlə müqavilə uzadılmayacaq. Və bu xəbəri dostumdan aldım. Bazaya getməyə hazırlaşırdım, dostum zəng vurub mətbuatda klubun mənimlə əməkdaşlığı davam etdirməyəcəyi barədə xəbər yazıldığını bildirdi. Saytlara baxdım, vəziyyəti aydınlaşdırmaq üçün kluba getdim. Vitse-prezidentlə görüşdüm, mənə bir gün əvvəl telefonumun bağlı olmasını irad tutdu, bundan başqa, məndən şikayətlər olduğunu söylədi. Halbuki müqaviləni yeniləmədən işlədiyim dövr ərzində kimsə mənə irad bildirməmişdi, hansısa şikayətdən bəhs etməmişdi. Ətraflı heç nə demədilər, hətta üzləşməyə hazır olduğum adamların da adını çəkmədilər. Qərar verilmişdi və sakitcə vidalaşdım. Müqavilə bitmişdi, yeniləmək istəmədilərsə, özləri bilər.

– öz səhvinizi etiraf etmirsiz. İyunda müqaviləniz bitmişdisə və yeniləmirdilərsə, nəyə görə avqusta kimi qalıb işləyirdiz?

– İşə davam etmək lazım olmasaydı, bunu deyərdilər, hazırlığı keçməyimiə şərait yaratmazdılar. Klub prezidenti Zaur Axundovla yaxşı ünsiyyətimiz var idi. Komanda qurmaq istəyirdik, fikirlərimiz üst-üstə düşürdü. Nə baş verdiyini bilmirəm, amma Axundovla görüşmədim, indiyədək də aramızda bu barədə söhbət olmayıb. üstündən 5 ay keçib, bundan sonra nəyinsə deyilməsinin önəmi yoxdu, hər şey keçmişdə qaldı. Görünür, nəticə qazanmaq lazım deyilmiş.

 – O necə olur? Hədəfsiz, yalnız işləmək naminə işləmək?

– İki dəfə fərqli klubla yer tutub, avrokuboka vəsiqə qazandım. Hər iki halda qitə yarşılarında debüt etməyimə imkan verilmədi. Deməli, nəticə, futbol heç kimə lazım deyil. Yer tutmadan, nəticə vermədən, turnir cədvəlinin ortalarında olmaq yaxşı imiş. Daim şər-böhtan, təzyiq içində oluram.

– Razılaşmaya bilərsiz, amma bu məsələlərin təkrarlanması yəqin, həm də özünüzə bağlı olan məsələdi. Təsadüf bir dəfə olar. Sanki nəsə başqa problem var. Sizin özünüzlə bağlı ola bilərmi? Sonuncu yeri tutanda "Keşlə"də saxlanılırsız, bürünc medal qazananda göndərilirsiz – hər iki halda eyni rəhbərlik deyildimi?

– Məni də narahat edən budu. Niyə nəticə qazananda belə hadisələr baş verir? Nəticə olmayanda kimsə nəsə demir, nəticə olanda isə hamı şərləməyə çalışır, müxtəlif söz-söhbətlər yaranır. Mənim üçün müəmmadı. Niyə müqavilə bağlamadan işə davam etdiyimi soruşursuz. Həm mənim, həm klub rəhbərliyinin hədəfi daha yaxşı olmaq idi. Buna görə ötən mövsüm bitən kimi yeni heyətin formalaşdırılması üçün çalışmağa başladım, hazırlıq planı tərtib etdim, toplanış keçdim. Düşündüm ki, öncə komandanı quraq, hər şeyi yoluna qoyaq, vaxt olanda mənim müqavilə məsələm də həllini tapar. çünki rəhbərliklə normal ünsiyyətimiz olub. Həm də proses gedirdi, hər şey yeni müqavilənin imzalanmasıyla yekunlaşmalıydı. Lakin… Düzü, fikirləşirəm, səbəb tapa bilmirəm.

– Təsəvvür edək ki, uğursuzluq davam etdi və qışda "Keşlə"dən yeni dəvət gəldi.

– Yox. Ayrıldıq və bitdi.

– Bəs, haradan dəvət gözləyirsiz?

– Heç kimdən. Amma işləmək istəyirəm, təklif gəlsə, baxacam.

– İnciməyin, problemi sizin şəxsinizdə görürəm. Səbəbi bilmirəm, amma görüntü belədi.

– Nə baş verdiyini anlamıram. Bəlkə də komandamı düzgün qurmamışam, ətrafım olmayıb, tək qalmışam. İki komandada baş məşqçi işlədim, heç birində köməkçilərimi özüm yığa bilmədim. Və hər ikisində ətrafımdakılar qaldı, mən getdim. Köməkçilərim məni başa düşən Novruz Əzimov, Rauf Salamov olmalı idi, lakin onları yanıma apara bilmədim. Klub rəhbərləri zamanla buna şərait yaradacaqlarını bildirdilər, lakin reallaşmadı. Mənim gətirə bildiklərim də… (pauza verir) Haqlarına girməyim, bəlkə o badalağın içində onlar da var idi. Allah işlərini avand etsin. Səhv mənimdi, seçimlərim düz olmadı.

–  "Neftçi"də işləyərkən idman direktoru Ceyhun Sultanovla münasibətləriniz yaxşı deyildi. Vidalaşdığınız "Keşlə"yə də indi bu şəxs gəlir. Müqavilə müddətinin uzadılmamasında bu şəxslə səbəb-nəticə əlaqəsi axtarmısız? çünki mən bilən o, başqa klubda olanda da "Keşlə"də nüfuz sahibi idi, rəhbərliklə isti münasibətləri vardı.

– Nə bilim? Bəlkə də.

– Siz "Keşlə"də baş məşqçi olarkən Sultanovun istəyi ilə heyətə götürülən futbolçular var idi?

– Dəqiq məlumatım yoxdu, amma ola bilər. Bəzi xəbərlər eşitmişdim. Məsələn, klubun "Sumqayıt"dan bizə gələn Şəhriyar Əliyevi onun məsləhəti ilə götürdüyünü deyirdilər. Menecerlərin kimliyi ilə maraqlanmamışam. O futbolçunun gəlişini istəyirdim və gəldi. Kimin vasitəsilə və necə – artıq bu, mənə maraqlı deyil. Amma eşitdiyimi də gizlətmirəm.

– Bir klubun nümayəndəsinin başqa bir kluba futbolçu gətirməsi özü də maraqlıdı axı…

– Əlbəttə. Amma problemlər elə bu cür məsələlərdən sonra yaranır. Sabah axı, həmin fərqli komandalar üz-üzə gəlir və həmin menecerin komandasına qarşı onun gətirdiyi futbolçunun necə oynaması adamı qayğılandırır.

– Yayda bir neçə futbolçu "Neftçi"dən "Keşlə"yə gəldi və əks marşrutla getdi. Belə çıxır ki, Sultanovun bu məsələdə də rolu varmış.

– Şərh etməyəcəm. Amma başıma gələni deyim. Mən "Neftçi"də işləyəndə, aprel ayında Ceyhun bəy mənə 6 futbolçu təklif etmişdi. Onların hamısından imtina etdim, münasibətlərimiz də o zaman korlandı. Braliç, Paratski, Karikari və daha 3 yerli oyunçudan söhbət gedir. Mən razılaşmadım, onların "Neftçi"yə layiq olmadığını bildirdim, transferlər reallaşmadı. Yayda isə mən komandadan ayrıldım, həmin futbolçular transfer edildi və haqlı olduğum onların cəmi 6 ay sonra qovulması ilə təsdiqləndi. Sultanovun məqsədini bilmirəm, lakin sonradan araşdırdım və gördüm ki, başqa klublara illik 40 min manata təklif olunan Braliçi bu idman direktoru ikiqat qiymətə transfer etdi.

– Sizdə də yanlış transferlər az olmadı. Həm "Neftçi"də, həm də "Keşlə"də məhz sizin istəyinizlə gələn, amma uğur qazanmayan, birbaşa özünüzün yola saldığınız futbolçular olub.

– Olub. Amma faiz etibarı ilə bəyəndiklərimizin əksəriyyəti özünü doğruldub. Transferlərdə yanılmaq ehtimalı həmişə olur – bir var çox az hissəsi, bir də var az qala hamısı.

– Bu gün "Keşlə"nin ən ciddi problemi 21 yaşadək olan limit oyunçusu lə bağlıdı. Hüseynova bu baxımdan pis miras qoyduğunuzu düşünmürsüz? ötən mövsüm demək olar, bütün oyunlarda güvəndiyiniz Tural Bayramlı sizin vaxtınızda komandadan ayrıldı və ona layiqli əvəzedici yoxdu. Yunis bəy az qala hər oyunda ya fərqli futbolçuya güvənir, ya da onları bir-biriylə əvəzləməklə məşğuldu.

– Turalla bağlı məsələ mənim günahım deyil. O, gələndə cüzi maaşa oynayırdı, Zaur Axundov sağ olsun, qışda maaşını artırdı. Yayda daha yaxşı şərti olan yeni anlaşma təklif edildi, razılaşmadı və "Zirə"yə getdi. Tərlan Əhmədovluq bir şey yox idi, klub rəhbərliyi onun tələbləri ilə razılaşmadı və məncə, düz də etdi.

– Ona layiqli əvəzedici var idimi?

– Pərviz Azadov, Turan Vəlizadə, Orxan Fərəcov. üstəlik, "Zirə"dən Rəfael Məhərrəmlini gətiriblər. Mənim seçdiyim oyunçuların hamısı eyni mövqe üçün düşünülmüşdü ki, oyunçu dəyişikliyi edərkən, taktikanı dəyişməyə, rotasiyaya da ehtiyac olmasın. Tural da onlar kimi dayaq bölgəsi oyunçusu idi, zəif oyunları olurdu. Sadəcə, futbolçulardan düzgün istifadə edilməlidi. Komanda oyunu elə düşünülməlidi ki, bu futbolçuların yanında onların zəif cəhətlərini sığortalayanlar oynasın.

– Yeri gəlmişkən, Tural "Zirə"də inkişafdan qaldı…

– Mənim o vaxt "Keşlə"dən göndərdiyim 16 futbolçunun heç biri indi oynamır. Deməli, olarla vidalaşmaqda düz etmişəm. Tural da eləcə. İstədiyi pula layiq olduğunu görsəydim, rəhbərlikdən təkidlə saxlanılmasını istəyərdim. özünə də demişdim ki, maaş davası etməkdənsə, əvvəlcə özünü doğrult, müəyyən səviyyəyə çat, sonra pul özü səni tapacaq. O, pulu seçdi, yolu açıq olsun. İndi də Pərviz, Turan və Orxandan düzgün istifadə etmək, onları yetişdirmək, hazırlamaq lazımdı. Bu, məşqçi işidi.

– Sizin seçdiyiniz oyunçulardan Silvio Junioru çox bəyənirəm. O, çempionata yaxşı başlamışdı, amma izləyirsizsə, sanki son vaxtlar ciddi şəkildə geriləyib…

– Hansı geriləməyib ki? Səbəbi bilmirəm. Oyulara baxıram, ürəyim ağrıyır. çünki o komandada əməyim olub, amma futbolçuların hamısında eniş var, imkanlarından aşağı səviyyədə çıxış edirlər. Mükafatlar uğrunda oynayan komanda bir oyunda 6 top buraxmamalıdı. Amma "Qarabağ" avrokubok matçlarının yorğunluğu fonunda, əvəzedici heyətdən yararlandığı matçda "Keşlə"yə rahatca 6 top vurdu. "Neftçi" də o cümlədən.

– Premyer Liqa üçün proqnozunuz necədi? Mövsümün sonunda komandalar necə düzüləcək?

– İlk iki pillə "Qarabağ"la "Zirə"nindi. Bu vəziyyət mövsümün sonunadək davam edəcək. 3-cü yer hər halda, "Neftçi"nin olacaq. 4-cü pillə uğrunda "Sumqayıt", "Sabah" və "Keşlə"nin döyüşəcəyini gözləyirəm. Oyunlara baxıram, hansı komandada məşqçi işinin hiss edildiyini görürəm. Rəşad Sadıqov "Zirə"də intizamlı komanda qurub, oyun dəst-xətti görünür. İş doğru aparılırsa, nəticə gələcək. Turnir cədvəlindəki indiki düzülüş təsadüf deyil.

futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest