"Hələlik gözləmək lazımdır. Futbolçumuzun İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçidi bizdən asılı olmayan səbəblərə görə alınmır".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov Ceyms Adeniyinin komandadakı taleyi ilə bağlı danışarkən deyib.
 
Əzizov bildirib ki, iki klub arasındakı danışıqlar yarımçıq dayandırılıb: "Bizim klub üçün önəmli olan məsələlər var ki, onlara görə danışıqlar uzandı. Daha sonra İsrail təmsilçisindəki vəziyyətlə bağlı dayandı".
 
Klub rəsmisi "Ola bilərmi Qəbələ" qarşı tərəfdən transfer üçün çox pul tələb etdi" sualına belə cavab verib: "Hazırda klubumuz Ceyms Adeniyinin müqaviləyə uyğun maaşını ödəməkdə çətinlik çəkir. Amma futbolçu bunu anlayışla qarşılayır. Əslində məsələ bizim "Hapoel"dən nə istədiyimizlə bağlı deyil. Bu, üçtərəfli məsələdir".
 
Əzizov Adeniyidən ötrü Azərbaycan klublarından gələn təklifləri dəyərləndirmələrinin mümkünlüyünü də sözlərinə əlavə edib: "Ola bilər. Bayaq dediyim kimi, biz Adeniyinin müqavilə şərtlərini ödəməkdə çətinlik çəkirik".
 
Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var. 29 yaşlı hücumçu "Keşlə" və "Zirə" klublarından təklif alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest