Bu gün keçirilən "Keşlə" - "Sumqayıt" görüşü ilə Azərbaycan Premyer Liqasında XIV tura yekun vuruldu. "ASK Arena"da baş tutan qarşılaşmada "gənclik şəhəri" təmsilçisi minimal hesablı (1:0) qələbə sayəsində turnir cədvəlində dördüncü pillədəki mövqeyini qorudu. 

ötən mövsüm "Keşlə" Tərlan Əhmədovun rəhbərliyi altında 14 oyundan topladığı 23 xalla turnir cədvəlində ilk "üçlük"də qərarlaşmışdı və dördüncü yerdəki "Sumqayıt"dan 5 xal öndə idi. Amma nədənsə klub rəhbəri Zaur Axundov və onun dost-tanışları mövsümün sonunda komandanı Avropa Liqasına çıxaran Əhmədovu gözümçıxdıya salmışdılar. 

Bu mövsüm isə "Keşlə" 14 turdan sonra 13 xal toplayıb. Hər oyuna heç 1 xal da düşmür. Komanda turnir cədvəlinin "zirzəmi"sindədi və bu gün öz meydanında uduzduğu "Sumqayıt"dan 6 xal geridədi. "Keşlə" futbolçuları ötən mövsüm 18 dəfə fərqlənmişdisə, öz qapısından 12 top buraxmışdı. İndi top fərqi 13:21-di. Hüseynovun böyük ümidlərlə heyətə cəlb etdiyi kamerunlu legioner Anatole Abanq dünya mətbuatında futbolçu yox, marixuana aludəçisi kimi manşetləri bəzəyib. Estoniyada qəpik-quruşa oynayan 32 yaşlı Sadio Tounkara babat "summa"ya gəlib. Heyətdə yaşı 35-i keçən futbolçular var ki, kimsə onlara "gözün üstə qaşın var" deyə bilmir. Komanda sanki qocalar evidi. Mövsümün əvvəlində çempionluqdan dəm vuran Hüseynovun "Keşlə"si liderdən nə az, nə çox  - 14 xal geridədi. 


Görünür, zaman dəyişsə də, futbol idarəçiliyi dəyişmir. Yaxşıya yaxşı demək, heç kimi bəyənməmək mərəzə dönüb. İstər Əhmədovu, istər onun sələflərinə qarşı haqsızlıq edən "Keşlə" rəhbərliyi maksimum 3 tur sonra Avropa Liqasının ilk oyunundaca fiaskoya uğramış Yunis bəyə də "qapını çöldən bağla" deyəcək. İtirən isə ölkə futbolu, neft pulları, qazanan komandaya gətirilən vaqon-vaqon səviyyəsiz legionerlər və onlardan faiz götürən klub rəsmiləridi. 

Yaxşı gündə yağlı çörəyi bəyənməyən, yaman gündə quru çörəyə salam verər. Necə deyərlər, yaxşı vaxtda Əhmədovu bəyənməyənlər indi Hüseynovdan ikiəlli yapışıblar. Amma nə vaxtadək? Allah kimsəni quru çörəyə möhtac eləməsin...  

ORXAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest