Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün bürünc medalını son anda əldən verən "Zirə" heyətlə bağlı bəzi islahatlar aparmağa hazırlaşır. Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi bir neçə futbolçusu ilə vidalaşacaq.

"Zirə"nin saxlamaq istəmədiyi oyunçulardan biri müdafiəçi Lazar Corceviçdi. Serbiyalı futbolçu ötən ilin iyulundan bu komandada çıxış etsə də, qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olub. 28 yaşlı legionerin meydanda olduğu oyunlarda da ürəkaçan performansı ilə seçildiyini demək olmaz. Buna elə mövsümün sonuncu turunun "Sabah"la həlledici matçını da misal göstərmək olar. Güman ki, məşqçilər korpusu Lazarı göndərməklə, daha etibarlı müdafiəçi axtarmalı olacaq.

"Zirə"nin yollarını ayırması ehtimalı yüksək olan daha bir futbolçusu Ruslan Qurbanovdu. Azərbaycan millisinin sabiq üzvü olan hücumçu, demək olar ki, bu komandada əsas heyət üzvünə çevrilə bilmədi. üstəlik, bu mövsüm Premyer Liqada meydana çıxdığı 15 oyunda cəmi 1 qolla yadda qalıb. Bu isə bir hücumçu üçün kifayət qədər zəif göstərici sayıla bilər.

Qeyd edək ki, "Zirə" 28 oyuna topladığı 38 xalla Premyer Liqanı 4-cü pillədə tamamlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest