Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah"ın futbolçuları Slavik Alxasov, Coy-Lens Mikels və Coşqun Diniyev klubun mətbuat xidmətinə açıqlama verib. Matc.az xəbər verir ki, futbolçular komandanın təlim-məşq toplanışını dəyərləndiriblər:
Slavik Alxasov: "10 gündür ki, Tiflisdəyik. Məşqlərimiz yüksək tempdə gedir. çalışırıq ki, çempionata tam hazır olaq. Yoxlama oyunları bir az çətin olur. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. çempionata hələ 20-25 gün var. O vaxta qədər hamımız komanda şəklində hazır olarıq".
Coy-Lens Mikels: "Burada hər şey çox yaxşıdır. Məşqlərimiz çox gərgin keçir. Məşq, oyun keçirdiyimiz meydançaların vəziyyəti, həmçinin qaldığımız oteldə şərait yaxşıdır. Burda olmaqdan çox şadam. Yaxşı komandamız var və gündən-günə özümüzü inkişaf etdiririk. Mən isə hələ ki, ideal formamdan bir qədər uzağam. Tezliklə öz formamı bərpa etmək üçün əlimdən gələni edəcəm".
Coşqun Diniyev: "Təlim-məşq toplanışımız gərgin keçir, yeni mövsümə yaxşı hazırlaşmaq üçün tam güclə çalışırıq. 10-12 gündür burdayıq. Hər şey qaydasındadır. İlk yoxlama oyununda qələbə qazansaq da, ikincidə uğursuz olduq. Buna çox da təəssüflənməmək lazımdır. Bunlar yoxlama matçlarıdır və məşqçimiz fiziki durumumuzu görmək istəyir. Hər iki oyun bizim üçün faydalı oldu. Daha iki oyunumuz qalıb. Bu matçlardan maksimum şəkildə istifadə etməyə çalışacağıq.
Hər futbolçu kimi mən də mövsüm başlamamışdan tam hazır ola bilmərəm. Məşqçilər korpusu da çalışır, əllərindən gələni edirlər ki, tam formamızı düzəldək. Mövsüm öncəsi 70-80 faiz demək olar hazır olduğumuzu düşünürəm. Son nöqtələr qalıb, inşallah, onları da yaxşı tamamlayarıq".