Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılardan biri də Məryəm Şeyxəlizadəxangahdı. üzgüçümüz qadınların 100 m məsafəyə batterflay üsulu ilə üzmə yarışlarının təsnifatında 30-cu olmuş və mübarizəni erkən dayandırmışdı.

Matc.az xəbər verir ki, Braziliyanın məşhur media platformalarından olan "Globo" Məryəm haqda reportaj hazırlayıb. Reportajda ilk növbədə idmançımızın Tokio-2020-də çıxış edən atletlər arasında soyadının uzunluğuna görə birinci olduğundan bəhs edilib. Hətta Şeyxəlizadəxangahın Olimpiadalar tarixində ilk sırada ola biləcəyi də vurğulanıb. Məryəmin soyadı beynəlxalq versiyada (Sheikhalizadehkhanghah) 22 hərfdən ibarətdi. Bu mənada onun ağırlıqqaldıranlar Pravapadi çarenrattanatarakun (Prapawadee Jaroenrattanatarakoon) və Səid Məhəmmədpurkərkərağı (Saeid Mohammadpourkarkaragh) qabaqladığı qeyd edilib. Məryəm məsələyə belə münasibət bildirib:

"Yarışlarda bəzi müxbirlər və şərhçilər soyadımın tələffüzü zamanı problemlərlə üzləşirlər, amma mən bunun pis bir şey olduğunu düşünmürəm. Bir gün əfsanəvi üzgüçü olacağıma və çətinliyinə baxmayaraq, hər kəsin soyadımı xatırlayacağına inanıram".

Məryəm 2004-cü ildə İranda dünyaya gəlib və 5 yaşı olarkən üzgüçülüklə məşğul olmağa başlayıb. Lakin İranda qadınların üzləşdiyi qadağalar və məhdudiyyətlər onun karyera inkişafına mane olurmuş. "Globo"ya görə, bu səbəbdən Məryəm ölkəni tərk etmək qərarına gəlib. Beləliklə, 2019-cu ildə Şeyxəlizadəxangah ailəsi Bakıya köçüb. 17 yaşlı üzgüçü İrandakı vəziyyəti belə təsvir edib:

"İranlı qadınlara təkcə idmanda deyil, həmçinin sosial fəaliyyətlərdə də məhdudiyyətlər qoyulub. Qadınların məşğul ola biləcəyi məhdud sayda idman növü var. Bununla yanaşı, bəzi idmanlarda qadınların sadəcə İran daxilində mübarizə aparmalarına icazə verilir və ölkə xaricindəki yarışlarda iştirak qadağan edilir".

Məryəm gənclər kateqoriyasında bir sıra uğurlar qazandığı üçün beynəlxalq turnirlərdə gücünü sınamaq qərarına gəlib. O, Türkiyə, Slovakiya və Latviya kimi ölkələrdə müxtəlif yarışlarda iştirak edib və yaxşı nəticələr qazanıb. Yekunda isə yolu Yaponiyada keçirilən 2020-ci il Yay Olimpiya Oyunlarına düşüb. Hər idmançı kimi, Şeyxəlizadəxangah da Olimpiadanın xəyalını qururmuş:

"Bütün yarışlar mənim üçün dəyərlidi. Yay Olimpiya Oyunları isə mənim xəyalım idi. Əsas hədəfim həmişə Olimpiada kimi beynəlxalq turnirlərdən birində qələbə qazanmaq və rekord qırmaq olub".

Məryəm soyadından utanmadığını, əksinə, bu mənada qürur hissi keçirdiyini bildirib. Gənc üzgüçümüz məhdudiyyətlərlə qarşılaşan idmançılara dəstək olmaq istədiyini və növbəti Yay Olimpiya Oyunlarında uğur qazanmağa çalışacağını fikirlərinə əlavə edib: "Soyadımla qürur duyuram, çünki o mənim köklərimin təcəssümüdü. İranda insanların əksəriyyətinin soyadlarına suffikslər əlavə edilir və nəticədə ortaya böyük familiyalar çıxır. Amma bu, iranlılar üçün adi haldı.

Məhdudiyyətlərlə üzləşən üzgüçülərə dəstək vermək istəyirəm. Bu, mənim ikinci arzumdu. İranda idmanla məşğul olan qadınlara daha çox dəstək verilməli olduğunu düşünürəm. Şəxsən mən orada qadınlara qarşı ədalətsiz davranışların və cinsi ayrı-seçkiliyin şahidi olmuşam. Gələcək planlara gəlincə, növbəti Olimpiadada medal qazanmaq üçün əlimdən gələni edəcəyəm".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest