Türkiyənin İstanbul şəhərində güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulub.
 
Yarışa 1/4 finaldan start verən ülvü Qənizadə türkiyəli həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub.
 
Sənan Süleymanov ilk mərhələdə hindistanlı rəqibinə heç bir şans tanımayıb. Avropa çempionumuz 1/4 finalda Qazaxıstan təmsilçisini yolundan kənarlaşdırıb. Yarımfinalda Türkiyə pəhləvanıyla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Süleymanov finala vəsiqə qazanıb. Sənan həlledici görüşdə türkiyəli həmkarına minimal fərqlə uduzaraq gümüş medalı boynundan asıb.
 
Rafiq Hüseynov (82 kq) da ilk görüşdə Hindistan təmsilçisini çətinlik çəkmədən məğlub edib. Dünya və Avropa çempionumuz Türkiyə idmançısını da üstələyərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında daha bir yerli idmançıyla qarşılaşmada yenilib. Təcrübəli pəhləvanımız qazaxıstanlı rəqibinə göz açmağa imkan verməyərək bürünc medala sahib çıxıb.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Tuncay Vəzirzadə (82 kq) türkiyəli rəqibinə qalib gəlib. Həmyerlimiz yarımfinalda Qazaxıstan idmançısına uduzub. Vəzirzadə son qarşılaşmada Qazaxıstanın digər təmsilçisindən güclü olmaqla 3-cü yeri tutub.
 
72 kq
1/4 final: ülvü Qənizadə - Ensar Karabacak (Türkiyə) 5:6
 
77 kq
Təsnifat: Sənan Süleymanov - Sajan Sajan (Hindistan) 8:0
1/4 final: Sənan Süleymanov - Demeu Jadrayev (Qazaxıstan) 2:0
1/2 final: Sənan Süleymanov - Furkan Bayrak (Türkiyə) 3:2
FİNAL: Sənan Süleymanov - Yunus Emre Başar (Türkiyə) 1:2
 
82 kq
Təsnifat: Rafiq Hüseynov - Sinq Harpret (Hindistan) 8:0
1/4 final: Tuncay Vəzirzadə - Hasan Kılınç (Türkiyə) 3:0
1/4 final: Rafiq Hüseynov - Emrah Kuş (Türkiyə) 4:1
1/2 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova) 3:6
1/2 final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə) 0:9
Bürünc medal görüşü: Rafiq Hüseynov - İlimdor Satayev (Qazaxıstan) 11:0
Bürünc medal görüşü: Tuncay Vəzirzadə - Raxmet Sapiyev (Qazaxıstan) 7:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest