12 Noyabr 2026, 17:45
FUTBOL
“Bu, bizim üçün əsas oyundur. Əvvəlki qarşılaşmalarda həmin komandadan 4 xal almışıq. İndi isə ikinci mərhələ, əsas oyunlar başlayır. Mən komandamızdan ancaq qələbə gözləyirəm. Bunun üçün futbolçuları psixoloji cəhətdən düzgün hazırlamaq lazımdır. Onlar bunu ilk növbədə özləri bacarmalı, meydana qələbə əzmi ilə çıxmalıdırlar”. Bu sözləri matc.az saytına tanınmış məşqçi Ağasəlim Mircavadov deyib.
O, Azərbaycan yığmasının sabah Millətlər Liqasında Lixtenşteynlə keçirəcəyi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Mütəxəssis komandamızdan qələbə gözlədiyini və bunun üçün futbolçuların psixoloji hazırlığının mühüm rol oynadığını bildirib.
Mircavadovun fikrincə, Bakıda keçirilən qarşılaşmada Azərbaycan millisinin qol imkanlarından yararlana bilməməsi təəssüf doğursa da, rəqibə də ciddi fürsətlər verilməyib: “Bakıda qol vəziyyətlərimiz oldu, lakin onlardan istifadə edə bilmədik. Bununla belə, rəqibə də belə imkanlar yaratmadıq. Əsas odur ki, futbolçular yaradılan fürsətləri bu dəfə dəyərləndirə bilsinlər”.
Mircavadov qarşılaşmanın keçiriləcəyi meydançanın süni örtüklü olmasını da ciddi problem hesab etmir. O, meydançanın keyfiyyətinin bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb: “Orada meydança süni ot örtüklüdür, amma keyfiyyətlidir. Ona görə də düşünürəm ki, bu, komandamız üçün ciddi çətinlik yaratmayacaq. Hesab edirəm ki, həm rəhbərlik, həm də məşqçilər korpusu oyuna hazırdır. İstəyimizə nail olacağımıza inanıram”.













