Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
 
Şəhanə Nəzərova (50 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2. Həmyerlimiz yarımfinalda macar Şimonetta Şekerlə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib - 0:8. Nəzərova bürünc medal üçün güləşəcək. Rəqib Liza Ersel (Almaniya) - Mariya Leorda (Moldova) görüşünün qalibi olacaq.
 
Elnurə Məmmədova (55 kq) 1/4 finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib - 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoilə də heç bir şans tanımayıb - 11:4. Beləliklə, finala yüksələn Məmmədova rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxacaq. 
 
Nigar Mirzəzadə (68 kq) 1/4 finalda slovakiyalı Olqa Maslovskanı üstələyib - 4:1. Millimizin üzvü yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya üçüncüsü olmuş Aslı Demirlə üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb - 6:0. Nigar bürünc medal uğrunda qarşılaşmada Karolina Kozlovska (Polşa) - Marta Navarro (İspaniya) görüşünün qalibiylə güləşəcək. 
 
Qeyd edək ki, bu çəkillərdə medal görüşləri martın 10-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest