Futbol üzrə ölkə çempionatında qış fasiləsindən sonra ilk tur gözləniləndən maraqlı alındı.

Orta hesabla hər matçda iki qol vuruldu ki, bunu ilin açılış turu üçün yaxşı göstərici saymaq olar. İkinci oyun günü daha maraqlı keçdi. Buna da əsas səbəb derbi idi. Komandalar meydanda, azarkeşlər isə tribunada ümidləri doğrultdu. Çempionatın azarkeş rekordu qırıldı – 6 min. Utancverici rəqəm olsa da, necə deyərlər "buna da şükür". Çempionluq uğrunda intriqa artdıqca yeni azarkeş rekordlarının vurulacağı şübhəsizdi. Derbinin də, ümumilikdə turun da ən yaxşısı azarkeşlər idi. "Forza Neftçi"nin tribunalara dönüşü sözsüz ki, "flaqman"ın vacib oyunda məğlub olmamasına çox kömək etdi. Hətta, baş məşqçi Roberto Bordin bir az cəsarətli olsa "xalq komandası"nın qələbə qazanmaq üçün də hər cür şansları vardı. "Neftçi"nin heyətində debüt edən iki legioner - Mamadu Mbodj və Vangelis Platellas kifayət qədər yaxşı təsir bağışladı. Ümumiyyətlə, bir oyuna görə qiymət vermək tez olsa da, "Neftçi" hazırda komanda şəklində "Qarabağ"dan daha yaxşı görünür. Ağdamlıların heyətində Dani Kintana və Filip Ozobiçi çıxmaqla sanki bütün komanda hələ də qış yuxusundan ayılmayıb. Qurbanovun cəmi bir əvəzetməyə əl atması ehtiyatdakı futbolçuların daha bərbad durumda olmalarına dəlalət edir. Meydana sonradan çıxan Araz Abdullayevin oyunu bu fikri daha da möhkəmləndirir. Turun ən yaxşı hakimi də karyerasında ilk dəfə derbini idarə etməsinə baxmayaraq demək olar səhv buraxmayan və oyunun tempini öldürməyən Rəvan Həmzəzadədi.

İkinci oyun gününün daha bir maraqlı qarşılaşması Qəbələdə idi. Gözlənildiyi kimi kifayət qədər gərgin keçən matçda meydan sahibləri çətinliklə də olsa 3 xalı qazana bildi. Buna baxmayaraq "Sumqayıt" da kifayət qədər yaxşı təsir bağışladı və əminliklə demək olar ki, "Qarabağ"ı bu tur Sumqayıtda çox ağır bir oyun gözləyir.

Eyni sözlər "Sabah"la duel üçün Masazıra yollanacaq "Qəbələ"yə də aiddi. Paytaxt klubunun idman direktoru Emin Abbasov "Zirə" ilə qarşılaşmadan öncə "Biz - yəni ofis işçiləri əlimizdən gələn hər şeyi etmişik, qalanı artıq komandanın işidi" deyərək bütün məsuliyyəti baş məşqçi Elşad Əhmədovun çiyinlərinə atsa da, “Sabah" Zirədə yetərincə yaxşı performans sərgilədi. Amma idman direktorunun bu sözləri klubdaxili ab-havanın qaydasında olmamasının göstəricisidi. Bu isə gələcək nəticələrə birbaşa sirayət edə bilər.

"Sabah"da Marko Deviç kimi peşəkarın, "Zirə"də isə boş yerə qırmızı vərəqə alaraq komandasının heç-heçə ümidlərinin də üstündən xətt çəkən Vüqar Mustafayev kimi futbolçuların olması yekunda öz sözünü dedi.

Bəri başdan deyə bilərik ki, bu tur "Səbail"in qonağı olacaq Samir Abbasovun komandasını olduqca çətin oyun gözləyir. Çünki, "Qarabağ" kimi "Zirə" də sanki qış yuxusundadı.

Düzdü, "Səbail"in bu tur "Keşlə" üzərində qazandığı böyükhesablı qələbə bəzilərini çaşdıra bilər. Amma oyuna baxanlar bilir ki, bu darmadağında "Səbail"dən çox Kamran Ağayevin payı var. Əminliklə demək olar ki, Aftandil Hacıyevin komandası ən azı iki çox keyfiyyətli transferlə güclənib. Qapısını toxunulmaz saxlayan Aleksandr Rıbka və müdafiədə səviyyəsini göstərməklə yanaşı "Keşlə"nin qapısına qol vurmağa da imkan tapan “Sabah”ın bəyənməyib əldən buraxdığı Elvin Yunuszadənin transferlərini "Səbail"in aktivinə yazmaq olar. Amma Kamran Ağayevin şou göstərdiyi bu matça görə Aftandil Hacıyevin komandasına qiymət vermək tezdi.

Tərlan Əhmədovun isə işi çətindi. Kamran Ağayev bu performansını "Neftçi" ilə oyunda da davam etdirsə, çempionatlar tarixinin antirekorduna şahidlik edə bilərik. Odur ki, Əhmədov transfer pəncərəsinin bağlanacağı fevralın 8-nədək təcili yeni qapıçı almalıdı. Əks təqdirdə "Səbail"in 3 qolunu "Neftçi"nin 13 qolu əvəz edə bilər. Gənc Şahin Zəkiyevə isə belə bir məsuliyyətli oyunda qapını etibar etmək böyük riskdi.

Xatırladaq ki, Kamran Ağayev bu komandalar arasında ikinci dövrənin oyununda Mirabdulla Abbasovun uzaq məsafədən vurduğu topu yaxın küncdən buraxmaqla "Keşlə"nin 0:1 hesablı məğlubiyyətinə səbəb olmuşdu. Dəqiq bilinən bir şey var ki, Tərlan Əhmədovun başı dərddədi. Yayda illər sonra medal qazandırmasına baxmayaraq Kamran Quliyevin avrokubok oyunlarını belə gözləmədən "Neftçi"də görmək istəmədiyi Əhmədov üçün keçmiş komandası ilə qarşılaşma heç şübhəsiz prinsipialdı. Amma "Keşlə"nin baş məşqçisi ona kimi qapıçı problemini çözə bilməsə çətin ki, "Baksell Arena"nı başı dik tərk etsin.

Kamran isə belə oyunla (sözün hər mənasında) tezliklə futbol çempionatını meyxana çempionatına dəyişə bilər...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest